Modern.az

Müsavat və AXCP YAP-ın dialoq təklifinə “hə” dedi - MÖVQE

Müsavat və AXCP YAP-ın dialoq təklifinə  “hə” dedi - MÖVQE

Ölkə

17 Yanvar 2013, 12:35

"YAP müxalifət partiyaları ilə dialoqa getmək barədə dəfələrlə rəy bildirib, lakin bu, söz olaraq qalır"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının iqtidarın seçkiöncəsi müxalifətlə dialoqa hazır olması ilə bağlı Modern.az-a verdiyi açıqmaya ölkənin aparıcı müxalifət partiyalarının rəsmiləri münasibət bildiriblər.  Seçkilərə doğru getdikcə, hakimiyyət və müxalifət qüvvələri arasında alovlanan siyasi gərginliyin real rəqabət şəraitində davam etməsi və eləcə də siyasi sferada təmsil olunan əks qütbün nümayəndələrinin ölkənin ümummilli məsələləri ilə bağlı bir masa arxasında toplanması yenidən gündəmə gəlib. Dialoqun mühüm əhəmiyyət kəsb etdiyini bildirən müxalifətçilər YAP-çı deputatın təklifini dəstəkləyiblər.

Modern.az-ın əməkdaşı iqtidar nümayəndəsinin təklifinə ölkənin aparıcı müxalifət partiyalarından – AXCP və Müsavatdan münasibət öyrənib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı YAP funksioneri Mübariz Qurbanlının çıxışının sadəcə söz olaraq qaldığını bildirsə də, iqtidar-müxalifət dialoqununun vacibliyini önə çəkib.

“Mübariz Qurbanlı dialoq çağırışı etsə də, o, Yeni Azərbaycan Partiyasında söz sahibi deyil. Onlar müxalifət partiyaları ilə dialoqa getmək barədə dəfələrlə rəylərini bildiriblər. Lakin onların sözü hələ də söz olaraq qalır. Amma Müsavat Partiyası belə bir təklif real olarsa, bunu qiymətləndirib, Azərbaycanın tale yüklü məsələlərinin müzakirəsində dialoqa getməyə hazırdıb. Bu il Azərbaycanda seçki ili olduğundan dialoq mütləqdir. Hesab edirəm ki, seçki mühitinin yaxşılaşdırılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və təbii ki, Qarabağ məsələsi birinci olaraq müzakirəyə çıxarılarsa, dialoqlarda biz də iştirak edərik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da saytımıza açıqlamasında tərəflərin bir masa arxasında əyləşərək ümummilli məsələlərlə ətrafında diaqloa getməsinin əhəmiyyətini müsbət qiymətləndirib. F.Qəhrəmanlının fikrincə, belə bir dialoq siyasi qüvvələrlə yanaşı, daha çox cəmiyyətin marağındadır. 

“Hesab edirəm ki, Mübariz Qurbanlının dialoqla bağlı fikirləri səmimi görünmür. Seçiöncəsi ola bilsin ki, belə bir görüntü yaratmağa çalışırlar. Əslində dialoq onların təfəkkür tərzinə ziddir. Hakimiyyətin dialoqla bağlı çağırışını, xüsusən də Mübariz Qurbanlının bu açıqlamasının ciddiyə alınmasının tərəfdarı deyiləm. Çünki dəfələrlə onlar belə bəyanatlar versələr də, bu özünü praktikada doğrultmayıb.
Biz dəfələrlə bildirmişik ki, AXCP olaraq dialoq mühitinin yaradılmasına tərəfdarıq. Təbii ki, seçkiöncəsi dialoq mühüm əhəmiyyətə malikdir. Bu cəmiyyətin maraqlarına uyğundur. Hesab edirəm ki, dialoqun predmeti Seçki Məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlılarının, media azadlılarının təmin olunması və s. kimi məsələlər olmalıdır.  Ona görə biz bu məsələlərin meydanda deyil, müzakirə masasımnda götür-qoy olunmasının tərəfdarıyıq. Dialoq birətəfli istək deyil. Bizim istəyimizə baxmayaraq, bu, hakimiyyətin ucbatından baş tutmur. Onlar dialoqla bağlı real mövqe ortaya qoyacaqlarsa, biz də bu məsələyə müsbət münasibət bildirəcəyik”, - deyə AXCP rəsmisi vurğulayıb.

Qeyd edək ki, YAP-çı deputat Mübariz Qurbanlı Modern.az-a açıqlamasında hakimiyyətin istənilə an müxalifətlə dialoqa getməyə hazır olduğunu bəyan edib. M.Qurbanlının sözlərinə görə, seçkiöncəsi belə dialoqların baş tutması gözlənilir.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!