Əksər ölkələrdə siyasi təşkilatların mətbuat xidmətlərinin rəhbərləri partiyalarn aparıcı funksionerlərindən biri sayılırlar.
Bizdə isə tamam fərqlidir. Hətta bəzən bizim partiyalardan hansınınsa mətbuat katibinin dediyi ciddiyə belə, alınmır. Modern.az saytının əməkdaşı Azərbaycanda fəaliyyət göstərən əsas partiyaların mətbuat xidmətlərinin rəhbərlərinin kimliyini və neçənci ildən həmin görəvdə çalışdıqlarını araşdırıb.
Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev uzun illərdir bu vəzifəni tutur. O, 1995-ci ildən iqtidar partiyasının sözçüsüdür. H.Paşayevin mətbuatla necə işləməsinə gəlincə, bu ayrı mövzunun müzakirəsidir.
Müsavat Partiyasında mətbuat xidməti funksiyasını partiyanın mətbuat məsələləri üzrə müavini, eyni zamanda mətbuat məsələləri üzrə departamentin rəhbəri yerinə yetirir. Başqanın mətbuat məsələləri üzrə müavini tanınmış jurnalist Mehman Cavadoğludur. O, 1993-cü ildən partiyanın sözçüsüdür. Məsbuat məsələləri üzrə departament rəhbəri isə Leyla İlqardır. Əvvəllər “Yeni Müsavat”da çalışmış xanım jurnalist 2012-ci ildən bu vəzifəyə təyin olunub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidməti fəaliyyət göstərir və onun rəhbəri həm də “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovdur. O, 2010-cu ilin payızından bu vəzifədədir.
Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Ayşəm Rüstəmova 2012-ci ildən bu postdadır.
Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri jurnalist Rusvat Bayramov 2012-ci ildən bu işdə çalışır.
Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat və informasiya xidmətinin rəhbəri jurnalist Anar Niftəliyev bu vəzifədə 2002-ci ildən işləyir.
Böyük Quruluş Partiyasında mətbuat katibi hazırda APA-nın redaktoru olan Cavid İsmayıldır. Cavid bəy partiya təsis olunandan bu vəzifədədir.
Deputat Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP-də mətbuat xidmətinin rəhbəri bir neçə dəfə dəyişib. Jurnalist, “Xalq Cəbhəsi” qəzetinin müxbiri Cavanşir Həsənli 2011-ci ildən həm də BAXCP-də mətbuat xidmətinin rəhbəridir.
Deputat Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasında mətbuat xidməti fəaliyyət göstərir, amma rəhbəri yoxdur.
Azərbaycan Demokrat Partiyasında mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayilovdur. O, 2005-ci ildən bu vəzifədədir.
Aqşin Kərimov