Modern.az

Nazirin oğlunu döyənlər həbs edildi: İsmayıllıda yollar bağlanıb -EKSKLÜZİV

Nazirin oğlunu döyənlər həbs edildi: İsmayıllıda yollar bağlanıb -EKSKLÜZİV

29 Yanvar 2013, 14:37

Füzuli Ələkbərovun oğlunu döyməkdə ittiham olunanlardan biri karate çempionu, digəri biznesmendir...

İsmayıllıda baş verən hadisələrdə əmək və əhalinin müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovu döyən şəxslər həbs edilib. Yerli sakinlərin Modern.az-a  verdiyi məlumata görə, İsmayıllı camaatını təhqir etmiş V.Ələkbərovu cəzalandıran şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Sakinlərin sözlərinə görə, saxlanılanlar İsmayıllı Olimpiya İdman Kompleksinin sədr müavini 31 yaşlı məşqçi-müəllim Anar Həsənov və 47 yaşlı rayon sakini Səftər Ağamalıyevdir.

Anar Həsənov karateçi, Azərbaycanın idman ustasıdır. Dəfələrlə respublika miqyaslı yarışlarda qalib olub. Səftər Ağamalıyev isə biznesmendir.

Hazırda İsmayıllı şəhərinin mərkəzinə gedən yolların bağlanıldığını deyən sakinlər aksiyalarla bağlı Baş Prokurorluq əməkdaşlarının rayona gəldiyini bildiriblər.

Qeyd edək ki, İsmayıllıda baş verən hadisələrin əsas günahkarı kimi nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov və onun dostlarının yerli sakinləri söyüb-təhqir etməsi göstərilsə də, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov mətbuata açıqlamasında bunu təkzib edib. İcra başçısı sakinlər tərəfindən yandırılan “Çıraq” otelinin qardaşı oğluna məxsus olmadığını və V.Ələkbərovun hadisə zamanı İsmayıllıda olmadığını bildirmişdi.
Lakin mətbuatın araşdırmaları nəticəsində  “Çıraq” otelinin sənədlərdə Vüqar Ələkbərovun adına olduğu üzə çıxdı.

A.RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!