Cənubi Qafqazda və MDB məkanında baş verən siyasi proseslər ABŞ-ın bu regionlarda siyasi maraqlarından geri çəkildiyini düşünməyə əsas verir. Rusiya prezidenti Vladimir Putinin “Avrasiya İttifaqı” nı ideyasını irəli sürməsi, Gürcüstanda rus yönümlü Bidzina İvanişvillinin parlamet seçkisində qalib gələrək baş nazir seçilməsi, Rusiyanın Ermənistana hərbi yardımlar etməsi artıq ABŞ-ın bu bölgədə nüfuzunun aşağı düşdüyünə dəlalət edir.

Bu məsələləri
Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya bölgədə hökmran mövqeyə malikdir. “Rusiya faktiki olaraq bu bölgədə “at oynadır”. Ermənistan ilə əməkdaşlığı genişləndirir və hərbi yardımı artırır. Digər tərəfdən Rusiya erməni seperatçılarını həvəsləndirən addımlar atır. Xocalı hava limanının işə salınmasına çalışan qüvvələr də Rusiyadakı siyasi və hərbi dairələrdir. O cümlədən Gürcüstana təzyiqlərin artması nəticəsində İvanişvilli Rusiya meylli siyasət yürüdür. Əslində Gürcüstan ABŞ-ın strateji müttəfiqi sayılır. Digər tərəfdən şimal qonşumuzun bizə də müəyyən təzyiqləri var. Barak Obama prezidentliyi dövründə Cənubi Qafqaza maraq göstərməməsi, Rusiyanın hökmranlığına göz yumması bunların əsas səbəbidir. İkinci prezidentliyi zamanında da Obamanın əvvəlki siyasi kursu davam etdirəcəyinə şübhə yoxdur. Bu baxımdan Azərbaycan təhlükəsizlik məsələlərinə diqqət yetirməlidir. Rusiya ilə əməkdaşlığa çalışsa da, ondan gələ biləcək təhlükələri təhlil etməlidir. Düşünürəm ki, NATO ilə əlaqələrə üstünlük verilməlidir”.
Politoloq eyni zamanda ABŞ-ın maraqları çərçivəsində MDB məkanından geri addım atmasını qeyd etdi. “ABŞ-ın burada konkret maraqları var. Azərbaycan Əfqanıstana əsgər göndərirsə, öz neftini Avropaya ixrac edirsə bu Qərbə kifayət edir. Əgər Azərbaycan ABŞ-ın maraqlarına zidd addım atsa, məsələn öz əsgərlərini Əfqanıstandan geri çəksə, enerji məsələlərində Rusiya ilə ciddi əməkdaşlığa başlasa, o zaman ABŞ narahat olmağa başlayar”
Aqşin KƏRİMOV