Akif Nağı: “Barak Obamaya müraciət sifarişlidir”
Millət vəkili: “Amerikalılar heç də eşşək deyillər”
Yanvarın 23-də Ağ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət yerləşdirilib. Müraciətdə ABŞ prezidenti Barak Obama erməni hərbiçiləri tərəfindən Azərbaycan torpaqlarının işğal olunması faktına münasibət bildirməsi üçün səsverməyə çağırılır. Artıq 5000 nəfərə qədər adam bu çağırışa səs verib. Lakin qəribədir ki, bu çağırış Ağ Evin rəsmi səhifəsinə yerləşdiriləndən az sonra elə həmin rəsmi səhifədə Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti ilə bağlı başqa bir bəyanat da peyda olub.
Bəyanatda Azərbaycanda siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilir. Əgər fevralın 27-dək bu bəyanatı yüz min nəfər bəyənsə, Ağ Ev, ABŞ prezidenti Barak Obama Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə münasibət bildirəcək.
Əlbəttə, ölkə ilə bağlı məsələlərin müzakirəsi hər kəsin öz hüququdur. Amma Azərbaycan üçün əsas problem olan Dağlıq Qarabağ məsələsi ilə bağlı müraciət ortaya qoyulduğu bir zamanda, dərhal digər bir çağırışın həmin saytda peyda olması təsadüf deyil. Sual olunur, niyə indiyə qədər bu məsələ həmin məkanda müzakirəyə çıxarılmırdı? Digər tərəfdən, Amerikada təhsil alan azərbaycanlı tələbə bu məsələni fevralın 27-dən sonra qaldıra bilməzdimi?
Bu xoşagəlməz addım yalnız təəssüf doğurur. Belə vətəndaşlıq mövqeyinə isə “YAZIQLAR OLSUN” deməkdən başqa çarə qalmır. Bu başqa məsələ ki, kimsə Azərbaycan hakimiyyətini sevmir və onunla bağlı istədiyi addımı ata bilər. Amma Qarabağla bağlı məsələnin müzakirəsi gözlənilən bir zamanda Azərbaycana aid əks arqumentlə çıxış etmək yalnız düşmən mövqenin məhsuludur.
Şübhə etmirik ki, amerikalını Qarabağ deyil, demokratiya, insan haqları maraqlandırcaq. Çünki onlara Qarabağ lazım deyil. Qarabağ bizə - Azərbaycana lazımdı. Ancaq belə görünür ki, Qarabağ heç hamımıza da lazım deyilmiş.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Modern.az-a bildirib ki, Qarabağ məsələsini diqqətdən yayındırmaq üçün Ağ Evin rəsmi səhifəsində başqa bir bəyanatın yerləşdirilməsi Azərbaycanın fikrini öz daxilində insan haqlarına yönəldilmək məqsədi daşıyır.
Onun sözlərinə görə, belə bir addımın atılması düşmən dəyirmanına su tökməkdir. QAT sədri təəsüflə bildirib ki, Azərbaycanda beynəlxalq mərkəzlərin, təsiri altında olan, onlardan maliyyə alan, sifariş yerinə yetirən qurumlar var:
“Ağ Evin rəsmi səhifəsində Qarabağ məsələsini diqqətdən yayındırmaq üçün başqa bir bəyanatın yerləşdirilməsi düşmən dəyirmanına su tökməkdir. Çox təəssüf ki, Azərbaycanda beynəlxalq mərkəzlərin, təsiri altında olan, onlardan maliyyə alan qurumlar var ki, xaricdə sifariş yerinə yetirirlər. Hesab edirəm ki, bu sifarişli bir addımdır. Bir müddət əvvəl hüquq müdafiəçisi Eynulla Fətullayev də Avropada insan haqları ilə bağlı məsələ qaldırmışdı, ona qarşı da hücuma keçiblər.
Kimlərəsə sifariş verərək, Azərbaycanın əsas problemi olan Qarabağ problemindən diqqəti yayındırmağa çalışır, insan haqları məsələsini qabardırlar”.
Belə bir addımın atılmasını xarici qüvvələrin sifarişi kimi dəyərləndirən QAT sədri onu bildirib ki, bu gün Azərbaycanda elə qurumlar və ya siyasi partiyalar var ki, hökumət onların ölkə daxilindəki maliyyə mənbələrini bağlayıb. Onlar da məcburiyyət qarşısında qalıb, xaric - beynəlxalq təşkilatlara, fondlara üz tuturlar.
”Bu halda xarici qüvvələr bizim təşkilatları, partiyaları maliyyələşdirərək, öz sifarişlərini verirlər. Ona görə də bu gün, bəzi siyasi partiyalar, qeyri-hökumət təşkilatları xaricdən sifariş yerinə yetirirlər. Çünki maliyyə cəhətdən onlardan asılıdırlar”.
Millət vəkili Aqil Abbas da bildirib ki, Ağ Evin rəsmi səhifəsində insan haqları ilə bağlı bəyanatın yerləşdirilməsi diqqəti yayındırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, “amerikalılar heç də eşşək deyillər, onlar kimin torpağının işğal edildiyini yaxşı bilirlər”:
“Yalnız eşşəklər bilməz ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Mən də inanıram ki, amerikalılar eşşək deyillər. Dünyada insan haqlarını ən çox pozanlardan biri də elə Amerikanın özüdür. Amerikanın özündən çox, insan haqqını pozan başqa bir ölkə yoxdur. Amerika İraqı, Əfqanıstanı, Liviyanı, Suriyanı, Tunisi bombalayır. Azərbaycan heç vaxt insan haqqını pozmur. Deyəcəklər ki, mitinqə çıxanları döyürlər. Mən də istəmərəm mitinqə çıxana çırtma belə, vursunlar. Amma xaricdə, Avropanın özündə, elə Türkiyə başda olmaqla mitinqi atla, su şırnaqları, qaz bombaları ilə dağıtmırlarmı? Elə Amerikanın özündə də vəziyyət bu cürdür. Necə olur ki, onlar mitinq edənləri atın ayağının altında qoyanda bu, qanuni sayılır, biz bir dəyənək vuran kimi deyirlər ki, “ay aman, insan haqları pozuldu”. Həmin saytda insan haqları ilə bağlı məsələni elə diqqəti yayındırmaq məqsədilə qoyulub”.
Gültəkin ƏLƏSGƏR