Modern.az

“Əkrəm Əylisli titullardan məhrum edilsin” - TƏLƏB

“Əkrəm Əylisli titullardan məhrum edilsin” - TƏLƏB

31 Yanvar 2013, 13:30

Bu günlərdə yazıçı Əkrəm Əylislinin “ Daş yuxular” əsəri Azərbaycan mühitində böyük narazılıq yaradıb. Səbəb odur ki, Azərbaycanın xalq yazıçısı sən demə, erməni xalqına xidmət edirmiş.

Qabaqcadan onu deyim ki, mənim heç vaxt bir yazıçı kimi Əkrəm Əylisliyə rəğbətim olmayıb. Əvvəla onun tərifli əsərlərində milli ruh, milli düşüncə, dəyərlərimizə hörmət görməmişəm. Əslində onun simasında Çingiz Aytmatovu təqlid etmək istəyində olan bir qələm əhli görmüşəm. Məlum həqiqətdir ki, təqlidçilər nə qədər özlərini təbliğ etməli olsalar da, bəşəri fikir arenasına çıxa bilməyiblər. Daha doğrusu, öz dəst-xətləri olmadığına görə durduqları yerdə saymışlar. Böyük Səməd Vurğunun dediyi kimi: “Yerində sayandan sənətkar olmaz”. Bir də ki sənət adamının əqidəsi ilə sözü üst-üstə düşmürsə onun yazdıqları kimə lazımdı...

Əkrən Əylislinin qalmaqallarından da xəbərimiz var. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə qarşı atdığı çirkablara da şahid olmuşuq. Bu gün isə bu adamın iç üzü tamamilə açılıb. Yazdığı “Daş yuxular” adlı əsəri ilə tarixi düşmənimiz olan ermənilərin mövqeyində olduğunu açıq-aşkar şərh edib. Azərbaycan xalqının başına gətirilən fəlakətlərə göz yumaraq ermənilərə qahmar çıxdığını sübut edir. Məgər Sumqayıt hadisələrini ermənilərin özlərinin törətdiyindən, Xocalı qətliamından Əkrəm Əylislinin xəbəri yoxdur? Var, ancaq ermənilərin əməllərinə göz yumaraq məqsədli şəkildə Azərbaycan xalqını suçlu göstərməyə çalışır.

Azərbaycanın Xalq Yazıçısı adını, vətənin ən ali mükafatlarından olan “İstiqlal” ordenini daşıyan və millət vəkili kimi şərəfli bir statusa sahib olan bu adam əcəba bu xalqı necə aldadıb?! Ürəyində xalqa qarşı kin-küdurət gəzdirən, xalqın düşməninə sevgi bəsləyən bir adam da xalq yazıçısı, millət vəkili ola bilərmi? Sən demə, cildini, qiyafəsini, simasını dəyişən insanda hər nə desən olarmış. Əkrəm Əylisli kimi...

“Daş yuxular” əsərinin müəllifi nədən ermənilərin Azərbaycan xalqının başına gətirdiyi fəlakətdən yazmır, torpaqları əlindən getmiş, əhalisi didərgin düşmüş, haqqı tapdanmış millətin suçlu olduğunu göstərir. Çünki əsil həqiqəti göstərməyə erməni ürəyi ilə qoşa vuran Əkrəm ürəyi ona yol verməz.  

Bu gün ermənilərə yarınan, onların qoltuq ağacına çevirənlər hələ də aramızda vardır. Etiraf eləyək ki, bu da bizim birliyimizin zəif olmasından irəli gəlir. Bölgələrə bölünməyimizdən irəli gəlir. Mən bir şeirimdə yazmışam: “Bizi bölgələrə bölənə lənət”.

Əkrəm Əylislini incidən nədir? O, nədən “yeraz”lara qarşı bu qədər qəzəblidir? Hətta təhqirə keçməkdən də vaz keçə bilmir. Onların ermənini amansızlıqla döydüyünü ürək ağrısı ilə təsvir edir... Belə bir adamın bu millətin içində yaşamağa haqqı varmı? Olmasa da, yaşayır və qan qardaşlarına xidmət edir. Əgər bir erməni yazıçısı təmsil etdiyi xalqı bu qədər kiçildərsə ermənilər onu daş-qalaq eləyərlər. Biz isə məhəl qoymadığımıza görə başımıza hər oyun gəlir...  

Mənə elə gəlir ki, qanı təmiz adam bu qədər nadürüst işə yer verməz. Aşağıdakı cümlələrin müəllifinə azərbaycanlı demək mümkünmü?
“Hamısını eləyən bu “yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de, işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək...”

Əkrəm Əylisli, nə yaxşı olardı sənin ermənilərinin ad verdiyi “yeraz”lar səni də o erməniyə yan daşı edəydilər. Çox əfsus....

Çox ehtimal ki Əkrəm Əylislinin bu kitabını ermənilər Nobel mükafatına təqdim edəcəklər. Bu Orxan Pamuk yoludur. Onu da bu istiqamətdə mükafatlandırdılar.

Mən bir çox Qərbi Azərbaycanlılarla bu haqda söhbət etdim. Mənə dedilər ki, Əkrəm Əylislinin bu yaramazlığı bizi üzgün hala gətirib. Azərbaycan Respublikasının rəhbərliyindən xahiş edirik Əkrəm Əylisli kimi bizə yad olan bir yazıçını daşığıyüksək titullardan məhrum etsin. Onlar ümidvar olduqlarını bildirdilər ki, Azərbaycan hökuməti erməniyə qoşulub bizə daş atanların cəzasını verəcək...

Eldar İsmayılov,

əməkdar jurnalist, “Təbib” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Araz" ali ədəbi mükafatı laureatı,

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama