Azərbaycanda əhalinin getdikcə artması, ölkəmizlə müharibə şəraitində olan Ermənistanda təşviş doğurur. Modern.az-a daxil olan məlumatlara görə, erməni xüsusi xidmət orqanlarının dəstəyilə Azərbaycana təhlükəli ərzaq malları və içkilərin idxal üçün gizli addımlar atılmaqdadır.
İndi Azərbaycana Gürcüstan erməniləri tərəfindən hazırlanan spirtli içkilər gətirilir. Bu mallar gürcü brendi ilə və ya gürcü brendlərinin saxta versiyaları ilə ölkəyə gətirilir. İddialara görə, Azərbaycana idxal edilən bu spirtli içkilər Ermənistan xüsusi xidmət orqanlarının xüsusi əməliyyat planı ilə hazırlanır. Əməliyyat planının məqsədi Azərbaycana gətirilən qida və içkilərin istehsal olunduğu firmalara mümkün qədər giriş imkanı tapıb, ərzağa və işçilərə xüsusi maddələrin qarışdırılmasıdır.
Qeyd olunur ki, sözügedən maddələr əsasən sonsuzluq və genetik pozğunluq yaradır. Bu plan isə keçən il Ermənistan Təhlükəsizlik Şurasının iclaslarda prezident Serj Sərkisyanın verdiyi direktiv əsasında hazırlanıb.
Azərbaycanda spirtli içkilər bazarı ən çirkli seqmentdir
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda spirtli içkilər bazarı ən çirklənmiş seqmentdir. “Spirtli içkilər barədə əhalinin məlumatı da azdır. Məsələn, insanlar bilmir ki, araqların saxlanma müddəti satışda 1 ildən, konyaklar 3 il, şərablar 6 aydan artıq deyil. Monitorinq aparsaq, görərik ki, spirtli içkilərin 95 faizinin üzərində buraxılma və son istifadə etmə tarixi yoxdur”, – deyə E. Hüseynov qeyd edib.
AİB sədri bildirib ki, Ermənistan konyakının Azərbaycan gətirilməsinə 8 il öncə daha çox rast gəlinirdi. “Areni” şərabı, “Yubiley” konyakının belə içkilər sırasına daxil olduğunu deyən E.Hüseynov son illərdə bu halların qarşısının alındığını bildirib.
Eyyub Hüseynovun sözlərinə görə, bu gün Gürcüstan, Ermənistan və Azərbaycan sərhədində “Sadaxlı” bazarı, Ermənistan-Gürcüstan sərhədində “Tavuş” bazarı var və bu bazarlardan ermənilərdən alınan mallar Azərbaycana gətirilir.
”Eləcə də mənim özüm şahid olmuşam ki, Tiflisin “İkinci vağzal” deyilən bir yeri var, orada erməni və azərbaycanlılar hər gün görüşürlər, alver edirlər, mal mübadiləsi aparırlar. Orada hər şey baş verir. Düşünürəm ki, ölkəyə gətirilən mallar gizli şəkildə həyata keçirilir. Kütləvi sürətdə bunlar olmur”.
“Spirtli içkinin içinə elə maddə qata bilərlər ki, insanın nəslini də kəssin”
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev də bu cür halların ola biləcəyini təsdiq edib.
“Hər şey ola bilər. Ölkəyə gətirilən məhsulun içərisinə hər şey qata bilərlər. Bununla nəsli də kəsə bilərlər, o məhsullar geni dəyişdirilmiş də ola bilər, min dənə fırıldaq edə bilərlər ki, milləti qırsınlar. İstisna deyil ki, Gürcüstandakı erməni mafiyasıının bu istiqamətdə fəaliyyəti olsun, çünki gürcülərin içərisində ermənilər həddindən də çoxdur”.
S.Vəliyev qeyd edib ki, ölkəyə gətirilən mallar gömrük-keçid məntəqələrində yoxlanılmalıdır. “O malları kim gətirir, onu Gömrük Komitəsindən necə buraxırlar? Azərbaycanda kifayət qədər konyak istehsalı olduğu halda, niyə Gürcüstandan konyak gətirilməlidir axı? Amma yenə də gətirilir. Gətirilirsə, onların tərkibi də yoxlanılmalıdır”.
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, həmişəki kimi bu qurumdan heç kimlə danışmaq mümkün olmadı
Sevinc İltifatqızı