“Əkrəm Əylisli böyük yazıçıdır, amma o bu əsərinə görə Azərbaycan xalqından üzr istəməlidir”
Azərbaycanın eks-spikeri Rəsul Quliyev də Xalq yazıçısı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı haqda münasibət bildirib. Modern.az-ın məlumatına görə, Əkrəm Əylislinin talantlı yazıçı olduğunu deyən R.Quliyev bununla yanaşı, onu tənqid də edib. Milli Məclisin sabiq sədri Əkrəm Əylislini tarixi saxtalaşdırmaqda ittiham edərək, onu Azərbaycan xalqında üzr istəməyə çağırıb:
“Mən Əkrəm Əylislinin əsərlərini 1960-cı illərdən oxuyuram. Ona talantlı yazıçı kimi çox böyük hörmətim var. Çingiz Aytmatov kimi, Əkrəm Əylisli də eyni standart düşüncəli yazıçılardandır. Qeyri-adi yazıları ancaq qeyri-standart düşünən şəxsiyyətlər yarada bilər. Sovet dövründə də Əkrəm Əylislini çox güclü tənqid edirdilər. Kommunist rejimi də onunla heç vaxt razı olmayıb. Ona görə də Əkrəm Əylislinin bu romanı məndə heç bir təəccüb doğurmadı. Mən də o romanı oxudum və keçirdiyim təəssüf hisslərini sizə çatdırmağa çətinlik çəkirəm. Çünki roman başlanğıcdan axıra qədər tarixin saxtalaşdırılması üzərinə qurulub. Roman erməniləri sivil xalqların səviyyəsinə qaldırmaq istiqamətində qurulub.
Əkrəm Əylislinin ən böyük səhvi ondadır ki, o ya ermənilərin yazdığı tarix kitablarını oxuyub, ya da ermənilərin sifarişi ilə rus tarixçilərinin yazdığı kitablardan faydalanıb. Belə iş görmək olmaz. Erməniləri göylərə qaldırmaq, az qala azərbaycanlıları vəhşi kimi təqdim etmək olmaz. Əkrəm Əylisli gərək belə etməzdi. Belə fikirləşirəm ki, Əkrəm müəllim bunu nəyinsə təsiri altında yazıb. Hesab edirəm ki, Əkrəm Əylisli gərək bu əsərinə görə, Azərbaycan xalqından üzr istəsin. Bu Azərbaycan xalqına ağır zərbədir. Lakin düşünürəm ki, Əkrəm müəllimə belə Hitlersayağı təzyiqlərin göstərilməsi yaramazlığın o biri üzüdür. Onlarla gözəl əsər yaratmış insanla bu şəkildə rəftar etmək olmaz”,-deyə R.Quliyev “Daş yuxular” romanına görə Ə.Əylislinin barəsində fikirlərini ifadə edib.
Anar RÜSTƏMOV