"Ailə üzvlərim mənə cavabdeh ola bilməz, onlar fikirlərimi də bölüşməyiblər, öz mövqeləri var”
”Habil Əliyev qoca kişidir, onunla yüngülvarı zarafat eləmişdim”
“Həyat yoldaşıma heç kim deməyib ki, gəl ərizə yaz”. Modern.az-a açıqlamasında bu sözləri Xalq yazıçısı Əkrəm Əylisi deyib. O bildirib ki, həyat yoldaşının işdən çıxması barədə məlumatlar yalandır.
“Dünən saytlarına çox mənasız bir yazı getmişdi. Həyat yoldaşım heç vaxt mühasibə verməyib, amma yazıblar ki, guya ki o çox sarsılıb ağlaya-ağlaya gedib. Bunları eləməsələr yaxşıdır. Ancaq mənə elə gəlir ki, bunu bir az başqa şəkildə də etmək olardı. Ailəmə qarşı çox kobud hərəkət edirlər, gərək ailəyə qarışmayaydılar. Hər kəs özünə cavabdehdir. Ailə üzvlərimin heç biri o birinə cavabdeh ola bilməz. Onlar mənim fikirlərimi də bölüşməyiblər. Onların öz mövqeləri var”.
Ə. Əylislinin sözlərinə görə, həyat yoldaşı ərizə yazmayıb. “Ona hələ heç kəs gəl ərizə yaz deməyib. Amma mən eşitdim ki, bu gün ora adam göndəriblər yoxlamağa, amma nəyi yoxlamağa bilmirəm. Mənim yoldaşım orada 30 ildir ki, işləyir. Bu 30 ildə kitabxananı o saxlayıb. Bayılda rus və azərbaycanlı oxucuları olan Nazim Hikmət adına kitabxanadır. O vaxt kitabxananın adı dəyişilirdi, mən dedim ki, Nazim Hikmət qoyun. N. Hikmətə böyük hörmətim var”.
Oğlu Nəcəfin də ona etiraz etməsi məsələsinə toxunan yazıçı bildirib ki, oğlu əsər çap olunana qədər oxumamışdı.
“Amma indi bilmirəm oxuyub oxumayıb, Allahımız haqqı bilmirəm. Amma bu adamın öz sahəsi var. O sırf iqtisadçıdır, siyasətə qarışmır. Amma mənə məsləhət görmürdü ki, bunu çap etdirim. Ailə üzvlərimin xaricə getmək məsələsi də tamamilə yanlışdır, təxribat xarakterlidir. Mənə kim desə ki, ölkənin tərk edin, bu onun öz vicdanına qalıb”.
Əkrəm Əylisi kamança ifaçısı Habil Əliyevin dünən axşam onunla bağlı dediklərinə də münasibət bildirib “Habil qoca kişidir, bunları təşkil edirlər. Mən onunla yüngülvarı zarafat eləmişdim. Bundan oyun çıxartdılar. Lazım olanda, hər şeydən oyun çıxarda bilirlər. Təhrif edib, elə şəklə sala bilirlər”.
Əkrəm Əylisi telekanalların onun haqqında hazırladığı süjetlərə də öz fikrini bildirib. “Bilirsiniz necədir, onları Allahın öz məhkəməsinə buraxıram. Yalandan məni pisləyirlər. Mən heç kimi nə məhkəməyə verənəm, nə də heç nə. Deyilənlərin, yazıların hamısı məlum məsələdir. Olanların hamısı mənə məlumdur”.
Qeyd edək ki, bu gün bəzi saytlarda Əkrəm Əylisinin həyat yoldaşı Qalina Aleksandrovanın işdən çıxması barədə ərizə yazdığı haqqında məlumatlar gedib.
Xatırladaq ki, Əkrəm Əylisinin “Daş yuxular” əsəri böyük qalmaqala səbəb olub. Yazıçının oğlu Nəcəf Naibov da Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsində Aksiz şöbəsinin rəisi vəzifəsindən ərizə yazaraq işdən çıxıb.
Sevinc İltifatqızı