Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin videomaterialları əsasında haqqında cinayət işi başladılmış sabiq millət vəkili Gülər Əhmədova barəsində məlumat yayılıb.
AzNews.az-ın əldə etdiyi məlumata görə Səbail rayon Məhkəməsi sabiq millət vəkili haqda 2 aylıq həbs-qəti imkan tədbiri seçib.
***
Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu "Azadlıq"ın əməkdaşına bununla bağlı heç nə deyə bilməyəcəyini bildirib...
Sabiq deputatın həbs olunması ilə bağlı digər KİV-lər də təsdiqləyici məlumatlar yayıblar.
Modern.az saytının əməkdaşı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovla əlaqə saxlayıb. Lakin o, sualımızı eşidən kimi əsəbi reaksiya göstərib, kobud ifadələr işlədib və bu barədə danışmaqdan imtina edərək, telefonu qapadıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə isə Modern.az-a məlumatı təsdiqləyib.
***
Artıq Respublika Prokurorluğu da faktı rəsmən təsdiqləyib...
Xatırladaq ki, son aylar polis nəzarətində olan G.Əhmədovanın Azərbaycandan kənara çıxmasına qadağa qoyulmuşdu.
MSK ötən ilin sonlarında 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.
Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq gedir.
Modern.az