Fevralın 12-də Bakı Biznes Mərkəzində məmurların iştirakı ilə keçirdiyi konfransda prezident İlham Əliyev bir sıra məsələlər barədə çox sərt danışdı.
Ölkə başçısı bəzi məmurları təmtəraqlı ad günləri, digər məclislər keçirməkdən çəkinməyə çağıraraq, onlara xəbərdarlıq etdi
“Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları”.
Maraqlıdır, prezidentin bu çıxışından sonra ad günü yaxınlaşan məmurlar özlərini yığışdıracaqlarmı? Modern.az saytının araşdırmasına görə, bəzi yüksək çinli məmurların ad günləri önümüzdəki yaxın aylara təsadüf edir. Məlum konfransda səslənən iradların istisi hələ soyumamış, ehtiraslar səngiməmiş kimsə təmtəraqlı ad günü məclisi təşkil etməyə casarət göstərəcəkmi?
Modern.az-ın məlumatına görə, ad günü lap yaxın müddətə təsadüf edən məmurlardan biri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevdir. Onun ad günü martın 17-də olacaq.
Dövlət Gömrük Komitəsində (DGK) “ikinci şəxs” olmasına baxmayaraq mətbuat ondan tez-tez yazır. Komitə daim ölkəyə gətirilən mallara dövlət rüsumundan artıq “haqq” qoyan qurum olaraq təqdim olunur. Maraqlıdır ki, bu məsələdə əsas fiqur olaraq komitə sədrindən çox “ikinci şəxs”in adı hallandırılır. Qeyd edilir ki, DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır.
Media vaxtaşırı olaraq general Səfər Mehdiyevi gömrükdə yol verilən qanunsuzluqlara görə ittiham edir, “vurur”, eyni zamanda onu inhisarçılığı himayə edən məmur kimi də xarakterizə edir. Bildirilir ki, ölkəyə gətirilən bəzi mallar məhz S.Mehdiyevin monopoliyasındadır.
Bir ara S.Mehdiyevin vəzifəsindən azad olunacağı barədə iddialar da səsləndirilib. Amma hələki Dövlət Gömrük Komitəsində “ikinci şəxs”nin “vurulma” prosesi baş verməyib. Bunun baş verməməsini izah edənlər Səfər Mehdiyevin əvvəllər Dövlət Gömrük Komitəsinin “birinci şəxsi” olmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə əlaqələndirirlər.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da doğum tarixi yaxın müddətə təsadüf edir. Əli müəllim aprelin 10-da doğulub. “Dövlətqaçqınkom”un sədri uzun müddətdir bu postda çalışır və deyilənə görə, ölkə başçısına yaxın məmurlardan biridir. Doğrudur, media tez-tez “Dövlətqaçqınkom”un adını ciddi qalmaqallarda hallandırır, amma prezidentin təmtəraqlı ad günlərinə görə danladığı məmurlar siyahısında Əli Həsənun olduğu güman edilmir.
Elə həmin ayda – aprelin 28-də nəqliyyat naziri Ziya Məmmədov da ad gününü qeyd edəcək. Ziya Məmmədov adı tez-tez qalmaqallarda hallandırılan əsas nazirlərdən biridir. Sosial şəbəkələrdə, mediada Ziya müəllimin dəbdəbəli toy, ad günləri məclisində iştirakına dair bir neçə dəfə videoroliklər, fotoşəkillər yayılıb. Amma onun özünə belə bir məclis düzənləyib-düzənləmədiyinə dair qəti söz deyə bilmərik.
Kənd təsərrüfatı naziri İsmət Abbasovun ad günü isə may ayının 25-i olacaq. O vaxtadək yəqin ki, ehtiraslar bir qədər səngiyəcək. İsmət Abbasobun rəhbərlik etdiyi nazirliyin də adı tez-tez korrupsiya məsələlərində hallandırılır, media bu tipli məlumatların dövrüyyəyə buraxılmasını İsmət Abbasovun rəqiblərinin işi olduğunu iddia edir. Konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovla İsmət Abbasovun münasibətlərinin gərgin olduğu vurğulanır.
May ayında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin da doğulduğu aydır. O, mayın 28-də dünyaya gəlib. Dövlət Gömrük Komitəsi Azərbaycanda adı mənfi yönümdə çəkilən dövlət qurumları sırasında bəlkə də birinci yerdə gedir.
Komitə daim ölkəyə gətirilən mallara dövlət rüsumundan artıq “haqq” qoyan qurum kimi təqdim olunur, bu problemə görə, mütəmadi olaraq sahibkarar və fiziki şəxslər tərəfindən ittihamlara məruz qalır.
Komitə rəhbəri Aydın Əliyevin ad gününü necə qeyd etməsinə gəlincə, bu barədə hər hansı məlumat yoxdur və onun adının ölkə başçısının “qara siyahısında”olduğunu iddia edə bilmərik.
İyun ayının 28-də Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin doğum günüdür. Arif Vəliyev Azərbaycanda eyni vəzifədə ən çox işləyən məmurlar siyahısınba başçılıq edir. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu il 70 yaşını qeyd edəcək A.Vəliyev indiyədək düz 20 dəfə öz ad gününü komitə sədi vəzifəsində keçirib.
Bu ilin isti yay günlərində - iyul ayında iki yüksək çinli məmur - xarici işlər naziri Elmar Məmmədyarov (2 iyul), fövqəladə hallar naziri Kəmaləddin Heydərov (15 iyul) da ad günlərini qeyd edəcək.
Məmmədyarovdan fərqli olaraq, cənab Heydərovun adı qalmaqallarda tez-tez hallandırılır.
K.Heydərovun ad gününü necə qeyd etdiyinə dair məlumatlar yoxdur. Bu səbəbdən də onun təmtəraqlı məclislər təşkil edən məmurlardan biri olub-olmadığını iddia etmək çətindir.
A.Qorxmaz