Türkiyənin baş nazirindən kömək istəyən köçkün müəllimənin dərdi nədir?
Prezident İlham Əliyevə öz problemlərini çatdırmaq istəyən azərbaycanlı müəllimə Güleyşə Kərimova fərqli üsula əl atıb. O, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edib. Güleyşə Kərimova tədbirlərin birində Ərdoğanla görüşərək, Baş nazirdən ona kömək etməsini xahiş edib.
G. Kərimova şikayətində bildirib ki, satın aldığı torpaqda tikdiyi evi sökülüb və Azərbaycanda bir neçə nazir, millət vəkilləri ilə görüşsə də, şikayətinə baxan olmayıb.
Qeyd edək ki, Güleyşə Kərimova Kəlbəcər məcburi köçkünüdür və Gəncədə məskunlaşıb.
Gəncə İcra Hakimiyyəti: “Bu məsələ bizim səlahiyyətimizdə deyil”
Gəncə şəhər icra başçısının birinci müavini Mikayıl Zeynalov qeyd edib ki, Güleyşə Kərimova Kəlbəcər rayonu sakinidir, onun Gəncədə məskunlaşması barədə şəhər İcra Hakimiyyəti məlumatlıdır. “Onların torpaq məsələsi var və bu məsələ ilə bağlı məhkəmə artıq qərar verib. Bu məsələ səlahiyyətimiz çərçivəsində deyil. Gərək həmin şəxs Apelyasiya, Konstitusiya məhkəmələrinə müraciət etsin. Həm də Əhmədova Kəlbəcər rayonunun sakini olduğu üçün bu məsələ ilə bağlı Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir”.
Kəlbəcər Rayon İcra Hakimiyyəti: “Bu məsələni Gəncə şəhər İcra Hakimiyyəti həll edə bilər, axı bizim torpağımız yoxdur”
Kəlbəcər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Seyfəddin Quliyev məsələ ilə bağlı bildirib ki, Güleyşə Kərimova Səmədov Sadiq Kamal oğlundan qeyri-qanuni olaraq torpaq sahəsi alıb. “Sonradan Gəncə şəhərinin Nizami rayon İcra Hakimiyyətinin 18.12.2008-ci il tarixli 248, 18.12.2008-ci il tarixli 249 və 09.01.2009-ci il tarixli 03 nömrəli sərəncamları əsasında həmin ərazi hər biri 6 sot olmaqla fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhər sakinləri Zərbəliyev Zərbəli Şirinbala oğluna, Abdullayev Faiq Yunus oğluna və Əfsərova Anar Kamal oğluna verilib. Yəni torpaq bölgüsü Gəncənin Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında baş verib. Sonralar həmin vətəndaşlar onlara verilmiş torpaq sahələrinin boşaldılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər və Güleyşə Kərimova həmin ərazidən çıxarılıb. Bundan sonra isə Kərimova Gəncə şəhər İnzibati İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib və məhkəmə onun iddiasının təmin edilməməsi barədə 15 avqust 2012-ci il tarixdə qərar verib. Vətəndaş sonralar şikayəti ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib və həmin məhkəmə də əvvəlki qərarları dəyişmədən qüvvədə saxlayıb. Güleyşə Kərimovaya da izah olundu ki, bu məhkəmənin qərarıdır, verilib. Sizin həmin torpaq sahəsinə aid heç bir sənədiniz yoxdur”.
Şöbə müdirinin sözlərinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin heç bir torpaq sahəsi olmadığı üçün həmin şəxsə ərazi verə bilməzlər.
“Siz özünüz də bilirsiniz ki, bizim torpağımız yoxdur. Həmin ərazi Gəncə şəhərinin ərazisidir və sərəncamı da onlar verib. Yəni bizim ərazimiz yoxdur ki, Güleyşə Kərimovaya bir yerdə qanuni torpaq sahəsi verək. Çünki bu bizim hüquq çərçivəmizdən kənarda olan bir işdir. Bu vətəndaş da deyir ki, mənim əvvəlki torpaq sahəmi qaytarın, mənə dəymiş maddi ziyanı ödəyin. Məhkəməyə də müraciət etsə də, iddiası da təmin olunmayıb”.
Kəlbəcər rayonu köçkünün probleminin necə həll oluna bilər sualına isə S. Quliyev belə cavab verib: “Gəncə Şəhər İcra Hakimiyyəti şikayətçiyə kömək edə bilər, bu məsələ bizim İcra Hakimiyyəti çərçivəsində deyil. Gəncə Şəhər İcra Hakimiyyətinə aiddir. Həmin şəxsi İcra Hakimiyyəti başqa yerdə də torpaq sahəsi ilə təmin edə bilər. Biz Gəncə rayonunun torpaq sahəsi üçün sərəncam verə bilmərik. Bunu ancaq Gəncə şəhər icra başçısının müavini Mikayıl Zeynalovla razılaşmaq lazımdır ki, bu adam çağırılsın ora, söhbət edilsin. Bir yerdə torpaq sahəsi ilə təmin etsinlər və yaxud da evləri var idisə əgər, evlərinə dəymiş ziyanı varsa, yəni inşaat materialları və s. kömək eləsinlər”, – deyə Seyfəddin Quliyev qeyd edib.
Sevinc İltifatqızı