Modern.az

“Atamızın adını əbədiləşdirməyiblər” - Milli Qəhrəmanın övladları Hacıbala Abutalıbovdan şikayətləndilər - Müsahibə

“Atamızın adını əbədiləşdirməyiblər” - Milli Qəhrəmanın övladları Hacıbala Abutalıbovdan şikayətləndilər - Müsahibə

Ölkə

16 Fevral 2013, 10:06

1003 nəfər Xocalı sakini əsirlikdən azad edən Allahverdi Bağırovun bircə büstü belə, yoxdur...

Modern.az saytı “Milli Qəhrəman övladları” layihəsini davam etdirir. Budəfəki həmsöhbətlərimiz Milli Qəhrəman Allahverdi Bağırovun övladları Aynur və Zümrüddür. Aynur – həkim laborantdır, iki övlad anasıdır. Zümrüd - Dövlət Sərhəd Xidmətində işləyir, rütbəcə leytenantdır. Bir oğul anasıdır.

– Atanız şəhid olarkən neçə yaşınız var idi?

Zümrüd: – Birinci sinfə gedirdim. Bacım isə ikinci sinifdə oxuyurdu.

– Atanızla bağlı xatirələrinizdə nələr qalıb?

Aynur: – Atam şəhid olarkən balaca idik, amma yaddaşımızda o, çox yaxşı qalıb. Həqiqətən də həm görünüşcə, həm də davranışında çox igid, qorxmaz insan idi. Bir az sərt görünüşü vardı, amma mülayim və yumşaq ürəyə sahib idi. Uşaq ilə uşaq, böyük ilə böyük kimi davranırdı. Bir dəfə televiziyada konsert gedirdi. Mən özüm özümə oynayırdım. İçəri girib gördü ki, oynayıram, başladı o da oynamağa. Dayanmadan rəqs etdik. Yəni bizi çox istəyirdi. Hara getsə, məni də özü ilə aparırdı. Elə bil ki, mənə qız deyil oğlan kimi baxırdı.

 

Zümrüd: – Həmişə deyirəm ki, biz müharibə uşaqlarıyıq. Müharibənin nə olduğunu sözün həqiqi mənasında görmüşük. Ağdamda yaşayanda həmişə dədəmin yolunu gözləyirdik. Özü bizə söz vermişdi ki, bayrağımızı Xankəndinə aparıb sancacağıq. Deyirdi ki, uşaqlar sizinlə birlikdə gedəcəyik. Dədəmiz var idi deyə, bizə qorxu gəlmirdi. İndi isə bizə xırda bir zəlzələ də qorxulu gəlir. Halbuki, yaşadıqlarımız zəlzələdən betər idi. Biz də uşaq idik və qorxa bilərdik. Həyətdə otururduq, güllə səsləri eşidilir, tanklar keçirdi, amma uşaq olan bizlərin ürəyində bir  qorxu yox idi. Ona görə ki, həmişə dədəmizə güvənirdik ki, yanımızda bu boyda igid, qürurlu adam durub. İndinin uşaqları isə bir az başqa cürdür. Adi bir şeydən belə, qorxurlar. Allah lənət etsin erməniyə!

– Ölüm xəbərini eşidən günü necə xatırlayırsınız ?

Zümrüd: – O zaman Ağdamdan çıxmışdıq. Yalnız dədəmgil gedib-gələ bilirdilər. Qurban bayramında gecə yarısı idi. Anam dedi ki, dədəniz döyüşdədir. Bibim, mən, anam həyətdə oturub gözləyirdi ki, gəlsinlər. Mühasirəyə düşmüşdülər. Nə qədər gözlədik gəlmədi. Birdən qapı döyüldü. Anam qaça-qaça qapıya getdi. Amma məlum oldu ki, şəhid olub, meyitini gətiriblər. Qaçdım, bacımı yuxudan oyatdım ki, dədə ölüb, dur gəl. İnanmadı, dedim, yox e, əlini gördüm, əllərindən tanıdım ki, odur.

– Bu 21 ildə nələr dəyişdi sizin üçün ?

 

Aynur: – Həmin gün necə ağır idisə, hər il də elə ağır gəlir.

– Milli Qəhrəmanın övladlarına nə təskinlik verə bilər?

Aynur: - O həmişə qəhrəmanımızdır. Bizim üçün onun qiymətləndirilməsi böyük şeydir. Ancaq elə qəhrəmanın adına nə məktəb, nə küçə var. Heç büstü də yoxdur. Yəni adı əbədiləşməyib. Hətta Nazirlər Kabinetinə müraciət də etmişəm. Evimizə də zəng ediblər. Ancaq sonradan nə isə alınmadı. Üstünə düşən olmadı. Bizim üçün də təskinlik olardı, heç olmasa gedib büstünün qarşısına gül qoyardıq, ürəyimiz sakitləşərdi. Axı qəbri Ağdamda qalıb.

Zümrüd: – Kaş ki sağ olaydı, sağ Milli Qəhrəman olardı. “Milli Qəhrəmanların Tanıtım İctimai Birliyi” var. Ora gedib onların anım günlərində sağ Milli qəhrəmanları görəndə, deyirəm, kaş bizimki də sağ olaydı. Balaca olanda bütün nağıl qəhrəmanlarının adını çəkirdik, deyirdik ki, dədəm, əmilərim də olsa, biz Qarabağı ala bilərik.

– Milli Qəhrəmanın övladı olmaq sizi nədən çəkindirib? Nədə ayağınızı yarı yolda saxlayıb?

 

Aynur: – Ali məktəbdə adamlar vardı ki, deyirdi, dədən Milli Qəhrəmandır, de sənə qiymət yazsınlar. Sənin atan onların yolunda vuruşub, niyə əziyyət çəkməlisən..? Amma etmirdim.

– Cəmiyyətin Milli Qəhrəmanlara münasibətini necə qiymətləndirirsiniz?

–Atamın adını çəkən kimi hamı tanıyır. Ona görə də ona qarşı münasibət həmişə müsbətdir. Çətinliklərimiz arxada qalıb. Çox şükürlər olsun, böyüdük, əlimizdə işimiz var.

– Heç elə olubmu ki, Milli Qəhrəmanın övladları kimi xoşa gəlməyən, gözləmədiyiniz  münasibətlə qarşılaşasınıız?

– Elə bir hal ilə qarşılaşmamışıq. Məsələ onun Milli Qəhrəman olmasında deyil. Sadəcə hörmətli, mərd, igid insan kimi yaddaşda qalan bir insan idi. Hələ sağ olanda da bizi hamı əl ilə göstərirdi ki, baxın Allahverdinin qızlarıdır.

– Dediniz ki, indiki uşaqlar adi bir şeydən qorxur. Sizcə onlar arasından belə bir qəhrəman çıxacaqmı? Onların təfəkküründə Milli Qəhrəman obrazı necə canlanacaq?

Zümrüd: – Vətənpərvərlik tərbiyəsinə orta məktəblərdə lap birinci sinifdən başlamaq lazımdır. Uşaqların dərsliklərində olmalıdır belə şeylər. Mən deyirəm yəqin bizim torpağımız Qarabağdır, ona görə biz elə ürəkli böyüyürdük. İndi elə də ürəkli uşaqlar görmürəm. Hələ qürurlu, mərd , ürəkli oğlan uşaqları azdır. Qorxu var, çəkinirlər. Yəqin ki, bu da havadan-sudandır. 

Aynur: – Onları duya bilmək üçün Qarabağlı olmaq lazımdır. Lap elə olsun bizim uşaqlar. Onu gələcək göstərəcək ki, görək bunlar da gələcəkdə elə ürəkli böyüyə biləcəklərmi?

– Başqa Milli Qəhrəman övladları ilə əlaqəniz varmı?

Aynur: – Bir cəmiyyətdə olmamışıq, olsaydıq əlaqələrimiz olardı. Anım günlərində cəmiyyətin xətti ilə tanıyıram.

– Bir çox halda Milli Qəhrəman övladları qəhrəmanlara qiymət verilməməsindən şikayət edirlər. Sizcə sabah müharibə başlayarsa, onlar müharibəyə öz istəkləri ilə hamıdan birinci getməkdə maraqlı olacaqlarmı?

Aynur: - Mən deyərdim sabah müharibə olsa, biz, Milli Qəhrəman uşaqları birinci gedərik. Ən azı orada atam kimi igidin məzarını qoyub gəlmişik.

– Sizə ev verilməyib?

Zümrüd: – İndi qaldığımız evi hələ də adımıza keçirə bilməmişik. Dəfələrlə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, ancaq bir nəticəsini görmədik. Müvəqqəti qeydiyyata keçirdilər ki, torpaqlarınız alınana qədər siz orada yaşaya bilərsiniz.

– Atanızın hansı xüsusiyyətini övladlarınızda görmək istəyərdiniz?

Aynur: – İstəyərdim hamısı olsun. Əsas odur ki, sözübütöv olsun. Onun kimi nə dedisə, onu da etsin. Dediyinin üstündə dursun. 

– Milli qəhrəmanlarla bağlı nəyi təklif edirsiniz?

Zümrüd: – İstəyərdim dədəm də içində olmaq şərti ilə, hamısının adı əbədiləşsin. Əlavə istəyərdim ki, atamın heç olmasa bir büstü, Şəhidlər Xiyabanında rəmzi də olsa, bir qəbri olsun. Onun Xocalıdan olan 1003 nəfəri əsirlikdən azad edilməsində böyük rolu olub. Amma bu gün həmin xocalıların heç biri televiziyada çıxış edəndə onun adını çəkib “Allah rəhmət etsin!”  demirlər. Elə bil ki, onun adını çəkməkdən qorxurlar.

 

 

 

 

 

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!