Modern.az

Milli Qəhrəmanın övladı “Xoca” filmindən narazıdır

Milli Qəhrəmanın övladı “Xoca” filmindən narazıdır

18 Fevral 2013, 17:48

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Tofiq Hüseynovun qızı Yasəmən Həsənova ANS-ib prezidenti Vahid Mustafayevin ekranlanlaşdırdığı “Xoca” filminə etiraz edib. Modern.az-a bu barədə açıqlama verən Yasəmən Həsənova qeyd edib ki, “Xoca” filmində atası ilə bağlı gedən yanlışlıqlardan narazıdır.

“ANS-də “Xoca” filmi nümayiş etdirilir. Orada atamın obrazını bir oğlan oynayır, amma o qədər də düzgün əks etdirmir. Mən ümumən pisdir demirəm, çox sağ olsunlar, əziyyət çəkiblər. Amma baxıram, orada atamın obrazını düzgün canlandırmayıblar. İlk olaraq bu haqda gəlib ətraflı soruşmaq lazım idi ki, kim necədir, nə nədir. Yalnız əmimə zəng edib ondan məsləhət alıblar. Bizi isə bir növ, ögey sanıblar”.

Yasəmən Həsənovanın sözlərinə görə, atası Tofiq Hüseynovun hərbi rütbəsi kapitan yox, mayor olub: “Xoca” filmində atamı kapitan rütbəsində təqdim ediblər. Halbuki o, rütbəcə mayor olub. Ölümündən iki ay əvvəl Bakıdan özü sevinə-sevinə gəldi və məni qucaqlayıb dedi ki, qızım artıq sənin atan mayordur. Orada olanların hamısı mənim əzizimdir, amma onların hamısı filmdə xatırlanır, atamı adı isə “Xoca”da bircə dəfə belə, çəkilmir. Yalnız “Kapitan” deyə müraciət. Adsız-soyadsız. Yaxşı ki, aktyor zahirən ona çox oxşayır. Baxanda elə bilirsən ki, doğrudan da atamdır. Mən özüm onlara öz təşəkkür məktubumu göndərəcəyəm. Çox sağ olsunlar ki, əziyyət çəkiblər. Amma bu əziyyəti çəkirdilərsə, heç olmasa, Milli Qəhrəman Tofiq Hüseynovun şəxsiyyətini hərtərəfli əhatə edəydilər ki, hamı, ilk növbədə, doğmaları razı qalsın. İstərdik ki, filmdə atamın adını - Tofiq Hüseynovun adını da birbaşa çəksinlər. Həmişə deyirlər ki, özünümüdafiə batalyonunun komandiri və ya kapitan, elə bu? Axı xalq öz Milli Qəhrəmanını tapmalıdır”.

Qeyd edək ki, Xocalı özünümüdafiə taborunun komandiri Tofiq Hüseynova 7 iyul 1992- ci ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhidlər xiyabanında dəfn edilib.

 

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!