Modern.az

Pensiya ödənişlərinin vahid QRAFIKI açıqlandı

Pensiya ödənişlərinin vahid QRAFIKI açıqlandı

20 Fevral 2013, 11:35

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramına uyğun olaraq əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı catdırılmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Modern.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov keçirdiyi brifinqdə məlumat verib. S.Müslümov bildirib ki, ötən illər ərzində DSMF tərəfindən əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub. Buna baxmayaraq müəssisə və təşkilatlar tərəfindən əməkhaqqı ödənişləri adətən ayın sonunda baş verdiyindən sosial sığorta haqlarının Fonda köçürülməsi də həmin tarixə təsadüf edir ki, bu da xərclərin müəyyən fasilələrlə maliyyələşdirilməsinə səbəb olur. Bunun nəticəsində isə pensiyaların hansısa rayonda, digər rayonla müqayisədə vətəndaşların hesablarına bir neçə gün fərqi ilə köçürülməsi müəyyən narazılıqlar yaradırdı. Bu kimi problemlərin qarşısının alınması məqsədilə yeni təkliflərin hazırlandığını bildirən DSMF sədri vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi arasında birgə aparılan müzakirələrin yekunu olaraq iki dövlət qurumu arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı catdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb.

S.Müslümov nəzərə çatdırıb ki, bundan sonra pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkiləcək. Belə ki, xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacaq. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra ediləcək. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!