Modern.az

Elşad Abdullayevdən yeni hədə: “Rasim İldırımzadənin əlimizdə 25 videosu var”

Elşad Abdullayevdən yeni hədə: “Rasim İldırımzadənin əlimizdə 25 videosu var”

26 Fevral 2013, 10:44

“Rasim İldırımzadəylə bağlı rəsmi açıqlama bir az daha gecikərsə, biz bu şəxsin başqa videolarını da yaymaq məcburiyyətində qalacağıq”.
Modern.az-ın məlumatına görə, bu fikirləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcidli bildirib.
E.Məcidli bildirib ki, əllərində Rasim İldırımzadənin görüntüsünün olduğu 25-ə qədər video var.

 “Rasim İldırımzadə ilə bağlı hələki nə Daxili İşlər Nazirliyinin, nə də Baş Prokurorluğunun rəsmi açıqlaması var. Rasim İldırımzadənin videodakı danışıqlarına bu qurumların açıqlama verməyə ləng tərpənməsi bu iki rəsmi orqana da başucalığı gətirmir. Əksinə, belə bir halın yaranması hər iki qurumun və onların başındakı şəxslərin bu cinayətlə birbaşa əlaqələri olduğunu ortaya çıxarır. Rasim İldırımzadəylə bağlı rəsmi açıqlama bir az daha gecikərsə, biz bu şəxsin başqa videolarını da yaymaq məcburiyyətində qalacağıq. Rasim İldırımzadə digər videolarda daha çox adamın adını çəkir, onların adından danışır, müxtəlif vəzifəli şəxslər haqqında fikir bildirir.
Rasim İldırımzadənin 25-ə qədər videosu var, və hər video ayrı həngamədi, qısa zamanda yuxarıda adları çəkilən qurumlar məsələyə rəsmi reaksiya verməsələr, digər videoları da hissəylə paylayacağıq. Biz hələ də təmkinlə bu iki qurumdan açıqlama gözləyirik, ancaq çox gözləməyəcəyik, bizim də səbrimiz tükənib”-deyə E.Məcidli bildirib.

Qeyd edək ki, bir müddət öncə Elşad Abdullayev yeni video yayıb. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər. Amma bu video ilə bağlı hələ ki, nə Baş Prokurorluq, nə də daxili işlər Nazirliyi rəsmi açıqlama yayıb.

Polkovnik Rasim İldırımzadə Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Polis İdarəsinin rəisidir. Onun qardaşı Yusif İldırımzadə hazırda Xətai rayonunun prokurorudur.

A.RÜSTƏMOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!