Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı barədə imzaladığı petisiyalara cavabında bildirib ki, ABŞ prezidenti Barak Obama burada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış etməyəcək. ABŞ-ın atdığı bu addıma siyasi partiyaların cavabı gecikməyib. Modern.az bir neçə partiyadan məsələ ilə bağlı münasibət öyrənib.
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Azərbaycan hakimiyyətini bu işdə qismən təqsirləndirir.
“Əlbəttə ki, ABŞ-ın məsələyə belə yanaşmasına münasibətim yaxşı deyil. Ancaq bu, Barak Obamanın Azərbaycan hakimiyyətinin Xocalı faciəsinə vermiş olduğu dəyərə yaxın bir qiymətdir. Çünki Obama tələb edə bilər ki, Azərbaycan parlamenti Xocalı soyqırımını tanımaq haqqında qərar versin, ondan sonra o da rəsmi açıqlama verəcək. Onun bunu tələb etməyə haqqı var. Azərbaycan hakimiyyəti isə hələ də belə qərar verməyib. Üstəlik iqtidar müxalifətə anım tədbiri keçirməyə icazə vermək istəmir. Dünyanın başqa ölkələrində azərbaycanlılar anım tədbiri keçirirlər. Onları dəstəkləyirlər, lakin Bakıda isə belə bir tədbir keçirmək istəyən müxalifətə razılıq verilmir”-deyə G.Aslanlı bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib ki, Ağ Evin belə cavabı təəssüf doğuran bir addımdır.
“Çünki Xocalı soyqırımı təkcə bir xalqın başına gətirilən dəhşət yox, ümumilikdə insanlığa qarşı cinayətdir. ABŞ-da ermənilərin uydurma genosidi ilə bağlı rəsmi səviyyədə açıqlama verildiyi halda, Xocalı soyqırımını görməzlikdən gəlmələri təəssüf doğurur. Bu, Azərbaycana və Xocalıya münasibətdə obyektiv olmayan bir yanaşmadır. Nəticənin belə olmasının səbəblərindən biri də bu istiqamətdə yetərincə işlər görməməyimizdir. Bu soyqırımın dünya səviyyəsində qəbul olunmasına ehtiyac var. Amma Azərbaycan hakimiyyəti 20 il ərzində bu reallığı, genosidi dünyaya tanıda bilməyib”-deyə qeyd edib.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, hər halda Ağ Evin bu cavabı da ABŞ-ın məsələyə ciddi münasibətindən xəbər verir.
“Burada narahat olmalı bir şey yoxdur. Bu yaxınlarda ABŞ səfiri ilə görüşümüzdə bunu da müzakirə edəcəyik. Ancaq Barak Obama səviyyəsində münasibət bildirilməməsi onun göstərir ki, petisiya predmeti olan məsələlər ABŞ siyasətində əhəmiyyətli yer tutmur. Digər tərəfdən ABŞ-ın indiki məqamda bu məsələlərin üstünə getmək niyyəti yoxdur. Bu özü strateji siyasətin hazırlanmasında mərhələ, başlanğıcdır. Petisiyaya aid olan məsələlər artıq ABŞ siyasətində zaman-zaman texnoloji proseslərdə istifadə olunacaq. Bilirik ki, bir neçə ştat Xocalı soyqırımını tanıyır. Yəqin bu petisiyadan sonra digər ştatlarda da geniş və intensiv olaraq tanınacaq”.
Aqşin Kərimov