Dövlət Yol Polisinin yollarda quraşdırdığı radara düşməməyin yolu tapılıb. Bu barədə Modern.az saytına maraqlı məlumat daxil olub.
Məlumata görə, bəzi dövlət qurumlarının rəhbər işçiləri və pulu olan şəxslər özlərinə məxsus maşınların qayda pozmasını qeydə alan radarları müəyyən məbləğ qarşılığında qabaqlayırlar. Belə ki, onların qayda pozuntusunu qeydə alan avtomatik cihazların cərimələrini 1 il üçün 1000 manat ödəməklə qarşılayırlar. Onların bir il ərzində yol verdiyi cərimələr yuxarıda qeyd etdiyimiz məbləğlə “bağlanır”.
Modern.az saytında bununla bağlı maraqlı və geniş siyahı var.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu avtomatik rejimdə işləyən ölçü cihazlarıdır və heç kəs bunun qarşısını ala bilməz. Şöbə rəisinin sözlərinə görə, heç kim bu cür əmələ yol verməz.
“O pulu hara? avtomatik rejimdə işləyən cihaza verirlər?. Həmin cihazlar avtomatik şəkildə qayda pozuntusunu qeydə alır və protokolu da avtomatik şəkildə tərtib edir. Heç kim onu pulla ala bilməz. Kim avtomatik rejimdə işləyən ölçü cihazlarına komanda verə bilər ki, hər hansı maşını qeydə almasın. Bu, mümkün deyil. Bu ümumi informasiya sisteminə ötürülən bir məlumatdır. Deyək ki, Səbail rayonunda qeydiyyatda olan avtomobildir, onu yalnız həmin rayonun yol polisi deyil, bu informasiya sistemini bütün rayonların yol polisi görür. Onu kim və ya necə gizlədə bilər. Bu ardıcıl olaraq seriya və nömrə ilə, ardıcıl qeydə alınan protokollardır. Onun icrası açıq qala bilməz. Kimsə məsuliyyətdən yayınmaq üçün müəyyən şayiə yayır ki, sürətli sürür, nə üçün ona cərimə getmir. Bəlkə o yalandan deyir ona gəlməyib. Burada insan əməyi yoxdu, əməkdaşın müdaxiləsi yoxdur”-deyə K.Əliyev vurğulayıb.
Anar Kəlbiyev