Xəbər verdiyimiz kimi, bu gün Siyəzəndə “Siyəzən Broyler” Quşçuluq Fabrikinin işçiləri etiraz aksiyası keçirib. Əmək haqlarının azlığından şikayət edən Siyəzən sakinləri magistral yolu bağlayıblar. Aksiya şirkət rəsmilərinin müraciətindən sonra başa çatıb.
Aksiya ilə bağlı “Siyəzən Broyler” ASC Quşçuluq Fabrikindən Modern.az-a rəsmi açıqlama verilib. Səhmdar Cəmiyyətinin baş mühasibi Azad Tağıyev Siyəzəndəki etiraz aksiyasını təsdiqləsə də, hadisənin bir o qədər ciddi olmadığını bildirib. Şirkət rəsmisi fabrikdə hazırda işin davam etdiyini, hər hansı problemin olmadığını qeyd edib.
“Bir neçə nəfər etirazını bildirib. Onlar o qədər də çox olmayıblar, hardasa 7-8 nəfər narazılıqlarını bildiriblər. Ümumilikdə mühüm bir hadisə baş verməyib. Fabrik öz işini hər zaman olduğu kimi, davam etdirir. İşçilərin də hər hansı narazılığı yoxdur. O bir neçə nəfər də kimlərdisə, şikayətləri araşdırılacaq. Qeyd olunduğu kimi ciddi bir etiraz olmayıb”-deyə A.Tağlyev açıqlama verib.
Qeyd edək ki, Siyazəndə baş verən aksiyanı rayon İcra Hakimiyyətindən də Modern.az-a təsdiq ediblər.
Anar RÜSTƏMOV