Gürcüstan prezidenti Mixail Saakaşvillinin Gürcüstan hava limanında Rusiyanın Azərbaycanda dövlət çevrilişi planı hazırlamaq planı ilə bağlı açıqlaması artıq hər iki ölkədə ciddi müzakirə mövzusuna çevrilib. Bir neçə gündür mətbuatda bununla bağlı diskussiyalar gedir. Maraqlıdır ki, Saakaşvillinin bu bəyanatı Gürcüstan dövlətində ikitirəlik yaranıb. Gürcüstan baş naziri Bidzina İvanaşvilli Saakaşvillinin fikirlərini öz şəxsi mövqeyi adlandırıb və Azərbaycandan üzr istəyib.
Ölkəmizin mühüm strateji tərəfdaşı olan Tiflisdəki ikihakimiyyətlilik Azərbaycan üçün hansı problemlər yarada bilər?
“İvanaşvilinin fəaliyyəti Bakıda müəyyən suallar doğurur”
Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Gürcüstanla əlaqələr haqqında yenidən düşünməlidir.
“Gürcüstanda dövlət səviyyəsində ikitirəliyin yaranması Azərbaycanın kiminlə işi qurmasını çətinləşdirir. Bir tərəfdən prezident Saakaşvilli Azərbaycana daha çox bağlıdır və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini istəyir. Digər düşərgədə olan İvanaşvilli də Azərbaycanın əhəmiyyətini anlayır. Bununla yanaşı, öz fəaliyyətində və açıqlamalarında Azərbaycan üçün müəyyən suallar da doğurur. Onun Rusiya yönəlik siyasəti, Ermənistanla əlaqələr və bu ölkəni xarici siyasətdə nümunə göstərməsi bizim üçün ziddiyyətli məqamları üzə çıxarır”.
“Bakı son qərarını seçkidən sonra verməlidir”
Politoloqun sözlərinə görə, onsuz da Saakaşvillinin müddəti də getdikcə azalır və Gürcüstan Konstitusiyasına əsasən üçüncü dəfə prezident seçilə bilməz.
“Bu il isə Gürcüstanda prezident seçkisidir. Əslində bunu nəzərə alaraq İvanaşvilli ilə əməkdaşlığımızı davam etdirmək zərurəti yaranır. Gürcüstanda prezident seçkisində Saakaşvilli öz namizədliyini irəli sürməsə də, onun partiyasından kimsə namizəd ola bilər. Son qərarı Gürcüstanda keçiriləcək prezident seçkisindən sonra verə bilərik. Bundan sonra Gürcüstanın hansı qurumu ilə əlaqələri gücləndirmək haqqında Azərbaycan aydınlıq gətirəcək”-deyə bildirib.
Aqşin Kərimov