Modern.az

“ABŞ Azərbaycan üçün həyəcan təbili çalır” - TƏHLİL

“ABŞ Azərbaycan üçün həyəcan təbili çalır” - TƏHLİL

9 Mart 2013, 17:07

Amerika qoşunlarının Azərbaycan ərazisindən daşınması təklifi Rusiyanı qorxudub

Son zamanlar Rusiyanın Cənubi Qafqazda aktiv siyasi fəaliyyətlə məşğul olduğunu müşahidə etmək elə də çətin deyil. Kreml özünün təsir rıçarqlarını gücləndirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə edir. Belə ki, Gürcüstanda Rusiya meylli Bidzina İvanaşvillinin parlament seçkisində uğur qazanmasının əsas səbəblərindən biri kimi ona rəsmi Moskvadan dəstək verilməsi ilə bağlı fikirlər səsləndirilir. Bununla yanaşı, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, Qarabağ münaqişəsinin həlli istiqamətində iş aparmaqdansa, təcavüzkar və işğalçı Ermənistanı sürətlə və pulsuz silahlandırmaqla bu konfliktin çözümünü sual altına qoyur. Bütün bu proseslər ABŞ-ın bu regionda dövlət maraqlarından geri çəkilməsi kimi izah oluna bilərmi?
Bu barədə Modern.az-ın suallarını politoloq Qabil Hüseynli şərh edib.

Rusiya regiondakı ABŞ  amilindən ehtiyatlanır: ABŞ, Rusiya, İran, yoxsa İsrail?

Politoloqun fikrincə, Rusiya məhz ABŞ amilini nəzərə alıb bölgədə öz fəaliyyətini genişləndirir, sürətləndirir.
“Rusiya ABŞ-ın Cənubi Qafqaza müdaxilə edə biləcəyi faktını əsas götürərək, bu regionda silahlı iştirakını artırır. Rusiya siyasi və hərbi dairələrinin fikrincə, Suriya ilə məsələlər bitdikdən sonra əsas diqqət ilk növbədə İrana cəmləşdiriləcək. Təbii ki, bu, Cənubi Qafqazda da özünü hiss etdirəcək. Bu baxımdan Rusiya indidən ehtimal edilən ABŞ  “təhlükəsini” neytrallaşdırmaq adı altında Cənubi Qafqazla bağlı fərqli variantlar hazırlayır. Bu üsulların bəziləri də politoloqların və ayrı-ayrı siyasi şəxslərin dilindən mətbuata sızdırılır və ətraflı müzakirə obyektinə çevrilir. Bütün bunlar bölgədə dünya güclərinin, super dövlətlərin qarşıdurma ehtimalı olmasının göstəricisidir. Buna əsas səbəb isə İranın nüvə silahına yiyələnməsi fikrindən vaz keçməməsidir. Bunu ABŞ-ın ən yüksək səviyyədə siyasi xadimləri də etiraf edir. Eləcə də bu məsələdə daha aktiv rolu İsrail oynayır. Rusiya guya, İrana basqın nəticəsində ortaya çıxacaq qaçqınlar ordusunun onun sərhədlərini də keçə biləcəyini arqument kimi irəli sürür. Bununla da Rusiya Cənubi Qafqazda özünün iştirakını müxtəlif yollarla gücləndirmək istəyir”-deyə bildirib.

“Rusiya bölgəyə yalnız psixoloji təsir etməklə ambisiyalarına ideoloji don geyindirir”  

Politoloq qeyd edib ki, Rusiyanın regionda hərbi arsenalını dəfələrə gücləndirməsi şantaj xarakterli psixoloji təzyiqdir.
“Ermənistana silah göndərilməsi və bu ölkədəki hərbi bazalarının şəxsi heyətinin artırılması bir istiqamətdirsə, region boyu Rusiyanın Dağıstandakı hərbi qüvvələrinin, Xəzər dənizindəki donanmasının gücləndirilməsi şimal qonşumuzun bölgəyə psixoloji təzyiqini artırmaq niyyəti daşıdığının əlamətləridir. Həmçinin buradan İrana olan təzyiqlər nəticəsində yarana biləcək hər hansı qorxulu sonluğu aradan qaldırmaq üçün hazırlıqdır. Rusiya bölgədəki strateji maraqlarının təmin olunması üçün çeşidli uydurmaları işə salır. Öz hərəkətlərinə ideoloji don geyindirməyə çalışır”. 

Azərbaycan təmkinlidir...”

Politoloq əlavə edib ki, Azərbaycan Rusiya ilə hələ ki, səbrli davranır. “Azərbaycan tərəfi Rusiya ilə münasibətləri pisləşdirməmək xatirinə təmkinli hərəkət edir. Beynəlxalq təşkilatlara, müxtəlif qurumlara bu üzdən müraciət etməyi lüzum bilmir. Gürcüstan isə daxili gərginlik səbəbi ilə məsələni ictimailəşdirmək siyasi xəttini tutmur. Amma bütün bunlara baxmayaraq ABŞ və Avropa Birliyi ölkələri Azərbaycan və Gürcüstanın onlar üçün strateji əhəmiyyətini dərk edir. Buna görə də Rusiyanın artan fəallığına qarşı artıq həyəcan təbili çalırlar. Bununla bağlı Strateji Araşdırmalar Mərkəzində müzakirələr keçirilir. Həmçinin ABŞ dövlətinə və Avropa Birliyinə daxil olan digər ölkələrə tövsiyyələr işlənib hazırlanıb təqdim edilir. Qərb Rusiyanın əzələ nümayişinə və beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərinə biganə qala bilməz. Eləcə də Rusiyanın ehtimal edilən təzyiqlərindən Azərbaycanı müdafiə etmək haqqında birgə qərara gəlmələri barədə məlumatlar yayılır. ABŞ həmçinin bəzi ölkələrlə birgə Cənubi Qafqaza 50 milyard dollardan artıq sərmayə yatırıb. Həmçinin Azərbaycan enerji dəhlizi kimi Qərbin çox ciddi marağındadır. Bundan başqa “İpək yolu” və digər layihələr ABŞ-ın strateji maraqlarına xidmət edir. ABŞ və onun müttəfiqlərinin qoşunlarının Azərbaycan ərazisindən daşınması Rusiyanın həyəcanına səbəb olur”-deyə politoloq vurğulayıb.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!