Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova sabah vəkili ilə görüşəcək. Bu barədə Modern.az-a onun vəkili Raqif Məmmədov məlumat verib.
Vəkil KİV-də eks-deputatın aclıq elan etməsi ilə bağlı yayılan məlumatlardan xəbərsiz olduğunu bildirib.
“Bayram günləri olduğundan Gülər Əhmədova ilə görüşə icazə vermirlər. Hətta mən özüm də onunla görüşmək üçün müraciət etdim. Amma görüşə icazə vermədilər. Dedilər ki, bayramdan sonra görüşə bilərsiniz. Ona görə də Gülər Əhmədovanın aclıq aksiyasına başlamasından xəbərim yoxdur. Nə telefon əlaqəsi var, nə də görüşmək imkanı. Odur ki, heç nə deyə bilmərəm”
Gülər Əhmədova ilə sabah görüşəcəyini deyən Raqif Məmmədov onu da bildirib ki, oğlu ilə bağlı hadisəyə reaksiyası və digər məsələlər barədə sabah ətraflı danışacaq.
Xatırladaq ki, bir müddət əvvəl oğlunun hospitala düşməsindən xəbər tutan G.Əhmədovanın təcridxana rəhbərliyinə dərhal müraciət edərək, Toğrulu görmək istədiyi barədə xəbər yayılıb. Lakin mövcud qaydaların buna izn vermədiyi əsas gətirilərək G.Əhmədovanın xahişi rədd edilib. Buna etiraz olaraq isə, sabiq millət vəkilinin aclığa başladığı qeyd olunur.
Gültəkin Ələsgər