Azərbaycanın Milli Qəhrəmanı adı Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsidir. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunub. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir. "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
Hazırda ölkəmizdə 2-si qadın olmaqla 211 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır. Vaxtilə Milli qəhrəmanlar olub ki, sonradan bu ad onlardan alınıb. Onlar kimlərdir?
Modern.az-ın məlumatına görə, bunlardan biri eks-Milli Qəhrəman polkovnik -leytenant Rasim Əkbərovdu. Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri R.Əkbərova Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Lakin R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə təqsirli bilinərək, 15 illik həbs cəzası alıb. O, həbs ediləndə Milli Qəhrəman fəxri adı geri alınıb. Belə ki, Azərbaycan Respublikası prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə Rasim Ağa oğlu Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adından məhrum edilib.
R.Əkbərov Prezident İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Mili Qəhrəman adından məhrum olanlardan digəri Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovdur. O, 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini-Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda Milli Ordunun korpus komandiri vəzifələrində çalışıb. S.Hüseynov 1993-cü ildə qanuni hakimiyyətə qarşı qiyam qaldırıb və bunun nəticəsində demokratik seçkilərdə qalib gələn Əbülfəz Elçibəy vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyətdən gedib. Gəncə hadisələrindən sonra Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin 1993-cü il iyunun 30-da verdiyi fərmanla Surət Hüseynov baş nazir təyin olunub. Azərbaycan Respublikasının Milli Məclisi bu qərarı həmin gün təsdiq edib.
Sonradan S.Hüseynov yenidən hakimiyyətə qarşı çıxdığına cəzalandırıldı. O, 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edildi, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib. Bundan sonra o “Milli Qəhrəman” adından məhrum edilib. S.Hüseynov həbs olunsa da, təcridxanadan qaça bilib. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs olunub və məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Azərbaycannın növbəti Prezidenti İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunub.
Anar Kəlbiyev