Modern.az

Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün təhsil haqqı ləğv olunur - EKSKLÜZİV

Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün təhsil haqqı ləğv olunur - EKSKLÜZİV

Ölkə

29 Mart 2013, 16:18

Milli Məclisin Sosial siyasət komitəsi bununla bağlı qanun layihəsini aprelin 2-də müzakirəyə çıxaracaq

Azərbaycanda valideyn himayəsindən məhrum olan şəxslərin dövlət və özəl təhsil müəssisələrində ödənişsiz əsaslarla təhsil almasını nəzərdə tutan yeni qanun layihəsi haqqında 3 ildən çoxdur müzakirələr gedirdi. Nəhayət bununla bağlı qanun layihəsi deyəsən artıq hazırdır. Bu barədə Modern.az saytına Milli Məclisdəki mənbədən məlumat daxil olub.

Sözügedən qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən münasibət öyrənib. Komitə sədri saytımıza məlumatı təsdiqləyib.

“Bildiyimiz kimi, neçə vaxt idi ki, komitədə bu məsələ geniş müzakirə olunurdu. Bu qanun layihəsi ciddi maliyyə tutumlu olduğuna görə, məsələnin müsbət həlli bir az yubanırdı. Nəhayət, möhtərəm prezidentimiz İlham Əliyev cənabları bununla bağlı cəsarətli addım atdı və layihənin maliyyə tutumuna baxmayaraq, qanun yaradıcılığı təşəbbüsü ilə sənədi parlamentə göndərdi”.

Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsinə əsasən, hər iki valideynini itirmiş və buna bərabər şəxslər təkcə dövlət təhsil müəssisələrində deyil, eləcə də bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişsiz oxuya biləcəklər.

“Əlbəttə, ödənişsiz heç nə olmur. Ödənişlər büdcə hesabına maliyyələşdiriləcək. Bu bir daha möhtərəm prezidentimiz İlham Əliyev cənablarının mərhəmət, xalqa diqqət və qayğısı, aztəminatlı insanların sosial müdafiəsi baxımından çox önəmli növbəti bir addımdır”.

Hadi Rəcəbli həmçinin bildirib ki, hazırda Azərbaycanda 365 nəfər valideyn himayəsindən məhrum olan şəxs təhsil müəssisələrində oxuyur. Onlardan 19-u ali təhsil müəssisələrində təhsil haqqını nə qədər çətin olsa da, ödəyə bilir.

Millət vəkilinin fikrincə, statistik rəqəmlərdə eyni zamanda bu yolla 128 nəfərin orta ixtisas təhsil müəssisələrində təhsil aldığı da qeyd olunub.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir