Dünyanın siyasi liderləri ötən gün vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov haqqında fikirlərini bölüşüblər.
Modern.az-ın məlumatına görə, ABŞ prezidenti Co Bayden Qorbaçovu uzaqgörən insan adlandırıb:
"SSRİ rəhbəri kimi o, prezident Reyqanla iki ölkənin nüvə arsenalını azaltmaq üçün işləyib. Onilliklər boyu davam edən amansız siyasi repressiyalardan sonra Qorbaçov demokratik islahatlar həyata keçirməyi qəbul edib. Nəticədə daha təhlükəsiz dünya yaranıb və milyonlarla insan daha çox azadlıq qazanıb".
BMT-nin Baş katibi Antonio Quterreş: "Tarixin gedişatını dəyişdirən unikal dövlət xadimi Mixail Qorbaçovun vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. O, Soyuq Müharibənin sülh yolu ilə başa çatması üçün hər kəsdən çox iş görüb. Dünya güclü qlobal lideri, sülhün yorulmaz müdafiəçisini itirdi".
Fransa Prezidenti Emmanuel Makron: "Ruslar üçün azadlıq yolu açan sülhsevər Mixail Qorbaçovun ölümü ilə əlaqədar başsağlığı verirəm. Onun Avropada sülhə sadiqliyi ortaq tariximizi dəyişdi".
Avropa Komissiyasının sədri Ursula Von Der Leyen: "Mixail Qorbaçov etibarlı və hörmətli lider idi. O, Soyuq Müharibənin sona çatmasında və "Dəmir pərdənin" yıxılmasında həlledici rol oynadı. O, azad Avropaya yol açdı... Bu, bizim unuda bilməyəcəyimiz bir mirasdır".
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays: "Mixail Qorbaçovun vəfatını eşidəndə kədərləndim. O, xalqı üçün daha yaxşı həyat qurmağa çalışan insan idi. Onun həyatı nəticəli idi, çünki o və cəsarəti olmasaydı, Soyuq Müharibəyə son qoymaq mümkün olmazdı".
Böyük Britaniyanın baş naziri Boris Conson: “Mən onun Soyuq Müharibəni sülh yolu ilə sona çatdırmaqda göstərdiyi cəsarət və dürüstlüyünə həmişə heyran olmuşam. Putinin Ukraynaya təcavüzü dövründə onun sovet cəmiyyətinin açılmasına yorulmaz sadiqliyi hamımız üçün nümunə olaraq qalır”.
İsrail Prezidenti İsaak Herzoq: "Mixail Qorbaçov 20-ci əsrin ən qeyri-adi simalarından biri idi. O, dünyamızı əvvəllər ağlasığmaz hesab edilən üsullarla formalaşdıran cəsur və uzaqgörən lider idi".
Yaponiyanın Baş naziri Fumio Kişida: “Sovet İttifaqının ali lideri kimi cənab Qorbaçov İkinci Dünya Müharibəsindən sonra Avropada yaranmış parçalanmanın və Şərq-Qərb qarşıdurmasının aradan qaldırılmasında mühüm rol oynadı. O, nüvə silahlarının ləğvini dəstəkləyən dünya lideri kimi böyük nailiyyətlər qoyub".
Avstraliyanın Baş naziri Antoni Albaniz: “Mixail Qorbaçov ümidli, qətiyyətli və böyük cəsarətli insan idi, dərin parçalanmış dünyanı onu əməkdaşlıq və birlik instinkti idarə edirdi. Onun ölümü ilə biz 20-ci əsrin əsl nəhənglərindən birini itirdik”.
Qeyd edək ki, ötən gün 92 yaşında vəfat edən Mixail Qorbaçov haqqında Qərbin siyasi elitası müsbət fikirlər səsləndirsə də, Rusiya cəmiyyətində ona münasibət birmənalı olmayıb.
Akif İsmayılov