1992-ci ildə prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti müstəqil Azərbaycan Respublikasının bir sıra xarici ölkələrdə diplomatik korpuslarını açdı. Vaxtilə milli azadlıq hərəkatının fəallarından olmuş bəzi şəxslərə AXC iqtidarı tərəfindən müstəqil Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çətin və məsuliyyətli vəzifə həvalə olundu. Amma sonradan Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi səfir postunu tutan diplomatlardan da yan keçmədi. Maraqlıdır, müstəqil Azərbaycanın ilk diplomatları olmuş keçmiş səfirlər indi hardadırlar və nə işlə məşğuldurlar?
Modern.az Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə - 1992-93-cü illərdə xaricdəki səfirliklərimizdə çalışım diplomatlar barədə araşdırma aparıb.
Başlayaq AXC hakimiyyəti dövründə qardaş Türkiyədə səfir vəzifəsində çalışan Məmməd Əliyevdən. 1992-ci ildən Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışan Məmməd Əliyev 2006-cı ildə bu postdan geri çağırılıb. Daha sonra İspaniyaya səfir göndərilən Məmməd Əliyev 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri postundan geri çağırılıb. M.Əliyev hazırda Xarici İşlər Nazirliyində çalışır.
1992-1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri postunun tutmuş Ceyhun Mollazadə 1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzininin baş elmi işçisi olduğu dönəmdə özünün “JNM Consalting” şirkətini yaradıb. 1997-2003-cü ilər ərzində isə “Star Kapital Qrup”un Türkiyə, Yaxın Şərq, Orta Asiya və Qafqaz üzrə baş direktoru vəzifəsini icra edib.
2004-cü ildə transmilli “Qtel” şirkəti ilə tərəfdaşlıq etməyə başlayıb və Latın Amerikası, Afrika, Azərbaycan və Gürcüstanda simsiz geniş zolaqlı şəbəkənin inkişafı və bu sahəyə maliyyə resurslarının cəlbini təşkil edib.
2005-ci ildə isə C.Mollazadə Azərbaycanda “AzQtel” MMC-ni yaradıb. 2010-cu ilin noyabr ayından etibarən şirkət Sazz 4 G brend adı altında WiMAX 4G texnologiyası əsasında qurulmuş simsiz, limitsiz, geniş zolaqlı İnternet xidmətini paytaxt Bakı, habelə Sumqayıt və Abşeron yarımadasının sahilyanı qəsəbələrinə tətbiq etməyə başlayıb. C.Mollazadə 2009-cu ildən “AzQtel” şirkətinin rəhbəridir.
O, həm də diaspor fəaliyyətilə məşğul olan Amerika-Azərbaycan Şurasının sədridir.
AXC hakimiyyəti dövründə Azərbaycanın Rusiyadakı səfir olmuş Hikmət Hacızadə hələ1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib. 1988-ci ildə Azərbaycanın istiqlal hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olub.
Hakimiyyət dəyişikliyindən Moskvadan geri çağırılan Hikmət Hacızadə 1993-cü ildən Müsavat Partiyası Divanın üzvüdür. Hazırda demokratiya və insan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Eyni zamanda politoloq kimi fəaliyyət göstərir.
1991-1992-ci illərdə Azərbaycanın xarici işlər naziri olmuş, AXC dövründə isə (1992-ci ildə) Azərbaycanın Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuş Hüseynağa Sadıqov bu postda 2005-ci ilə qədər qalıb.
Qeyd etmək lazımdır ki, H.Sadıqov 1974-cü ildən diplomatik xidmətə başlayıb. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb. 1988-1991-ci illərdə Azərbaycan SSR-nin xarici işlər naziri vəzifəsində çalışıb. 1989-cu ildə ona SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib. 1992-2005-ci illərdə Azərbaycanın Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış H.Sadıqov elə səfir postundan təqaüdə çıxıb. H. Sadıqov hazırda Azərbaycan Diplomatik Akademiyasında müəllim işləyir.
AXC dövründə diplomatik xidmətə başlayan şəxslərdən biri də Nəsib Nəsibli olub. O, 1992–1994-cü illərdə Azərbaycanın İran İslam Respublikasında səfiri missiyasını yerinə yetirib.
Cəbhə hakimiyyətinin dağılmasından sonra səfir vəzifəsini itirən Nəsib Nəsibli 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent olub. Daha sonra Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışıb. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləyib. Müsavat Partiyasının üzvü olan keçmiş səfir 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı alıb və 2010-cu ildədək parlamentin üzvü olub.
Nəsib Nəsibli hazırda Xəzər Universitetində dərs deyir.
Hazırda pensiyada olan, amma diplomatik təqaüdünü ala bilməyən Abbas Abdulla da Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə diplomat kimi fəaliyyət göstərib. Abbas Abdulla o zaman Azərbaycanın İstanbuldakı baş konsulu postunu tutub. Cəbhə hakimiyyətinədək uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini, sonra “Ulduz” jurnalının məsul katibi, baş redaktoru olmuş Abbas müəllim Azərbaycanın milli-azadlıq hərəkatına qoşulan ilklərdəndir. Vaxtilə Kommunist Partiyasının üzvü olmuş Abbas Abdulla 1990-cı ilin 20 yanvar qətliamına etiraz əlaməti olaraq “kompartiya”dan çıxaraq milli azadlıq hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və Ağsaqqallar Şurasının üzvü olub.
Abbas Abdulla Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsini 1992-ci ildən 1997-ci ilə kimi həyata keçirib.
Müsavat Partiyası bərpa komissiyasının üzvü, Ali Məclis və Divan üzvü seçilib. Hazırda Müsavat Partiyası Məclis üzvüdür.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə prezident Əbülfəz Elçibəy Rüfət Ağayevin İtaliyaya səfir təyin olunması üçün sərəncam imzalasa da, o, səfir postundan imtina edib. Sonradan Rüfət Ağayev ölkəni tərk edib. Hazırda Rusiyada yaşayan Rüfət Ağayevin orada nə ilə məşğul olduğu barədə dəqiq məlumat yoxdur.
Həsən Həsənov AXC hakimiyyəti dövründə 1992-93-cü illərdə Azərbaycanın BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
1990-1992-ci illərdə Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışan Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərir. O, 1993-1998-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində işləyib. AXC-dən sonra - Heydər Əliyev hakimiyyətə gələndə H.Həsənov Bakıya çağırılaraq nazir postuna təyin olunub. Bu,1993-cü ilin sentyabrında baş verib. H.Həsənov düz 5 il Heydər Əliyev iqtidarının xarici işlər naziri olub. 1998-ci ilin fevralında H.Həsənov elə prezident Heydər Əliyev tərəfindən nazir vəzifəsindən azad olunub. Amma həmin vaxt Milli Məclisin də üzvü olan H.Həsənov 2000-ci ilədək deputat mandatı gəzdirib.
İlham Əliyev prezident seçiləndən sonra, 2004-cü ildə H.Həsənova yeni vəzifə verilib. Həmin il o, Azərbaycanın Macarıstandakı səfiri təyin edilib. 2010-cu ilin martında isə H.Həsənovun diplomatik xidmət yeri dəyişdilib. İndi o, Azərbaycanın Polşadakı səfiridir.
Həsən Həsənov diplomatik fəaliyyətdənəlavə elmi və bədii yaradıcılıqla da məşquldur.
Gültəkin Ələsgər