Rusiya prezidenti Vladimir Putin bu gün “Vostok-2022” təlimləri üçün Sergeevski poliqonuna gedib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident hazırda "Vostok-2022" təlimlərinin yekun hissəsinin keçirildiyi Sergeevski poliqonundadır. O, Müdafiə Nazirliyinin nümayəndələri ilə görüş keçirir”, - Kremlin spikeri jurnalistlərə bildirib.
Peskov qeyd edib ki, Putinlə görüşdə həm müdafiə naziri Sergey Şoyqu, həm də Baş Qərargah rəisi Valeri Gerasimov iştirak edir. Peskovun sözlərinə görə, görüş media nümayəndələri üçün qapalı keçirilir.
Sonra Putin Russki adasına qayıdacaq və turizm sənayesinin inkişafı üzrə Dövlət Şurasının iclasını keçirəcək, Şərq İqtisadi Forumunun əsas panellərinin moderatorları ilə görüşəcək, həmçinin Primorsk diyarının qubernatoru ilə danışacaq.
"Vostok-2022"-nin təlim proqramına bütün növ silahların, o cümlədən “İsgəndər-M” kompleksinin əməliyyat-taktiki raketlərinin tətbiqi, artilleriya və aviasiya vasitələrinin kütləvi zərbələri ilə yaşayış məntəqəsinin ələ keçirilməsi, hücuma keçid və düşmən qoşunlarının əsas qruplaşmasının darmadağın edilməsi daxildir.
Manevrlərə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qırğızıstan, Çin, Monqolustan, Tacikistan, Rusiya, eləcə də Qazaxıstan, Laos, Myanma, Nikaraqua və Suriyadan olan hərbçilər cəlb olunub.