Xəbər verdiyimiz kimi, bu gün Böyük Britaniyanın kraliçası II Elizabet 96 yaşında vəfat edib.
Modern.az bildirir ki, dünya liderləri, məşhur siyasətçilər kraliçanın vəfatı ilə əlaqədar başsağlığı verirlər.
BMT Baş katibi Antonio Quterreş Birləşmiş Krallığın ən uzunömürlü dövlət başçısının vəfatından kədərləndiyini deyib.
"Kraliça II Elizabet Birləşmiş Millətlər Təşkilatının yaxşı dostu idi. O, Nyu-Yorkdakı Baş Qərargahımızı iki dəfə ziyarət edib. Mən Kraliça II Elizabetə ömür boyu göstərdiyi fədakarlığına görə təşəkkür etmək istərdim. Dünya onun sədaqətini və liderliyini uzun müddət xatırlayacaq", - deyə Baş katib qeyd edib.
Hindistanın Baş naziri Narenda Modinin sözlərinə görə, Kraliça II Elizabet dövrümüzün cəsarətli şəxsiyyəti kimi xatırlanacaq: "O, öz millətinə və xalqına ruhlandırıcı liderlik göstərdi. O, ictimai həyatda ləyaqət və ədəb-ərkanı təcəssüm etdirdi. Onun ölümündən kədərləndim".
Kanadanın Baş naziri Castin Trüdo uzun müddət dövlətinə rəhbərlik edən Kraliça II Elizabetin vəfatı barədə məlumatı ağır ürək yanğısı ilə öyrəndiyini qeyd edib: “Onun kanadalılara xidməti əbədi olaraq ölkəmizin tarixinin mühüm hissəsi olaraq qalacaq".
Avropa İttifaqı Şurasının Prezidenti Şarlz Mişel Kral ailəsi və Böyük Britaniyada, eləcə də bütün dünyada Kraliça II Elizabet üçün yas tutanların yanında olduğunu bildirib: "O, xidməti və öhdəliyi ilə müasir dünyada qalıcı dəyərlərin əhəmiyyətini bizə göstərməkdən heç vaxt imtina etməyib".
Avropa İttifaqının baş diplomatı Jozep Borrel: "Kraliça Elizabet hakimiyyəti dövründə 20-ci və 21-ci əsrin əsas hadisələrinə şahidlik edib. Avropa İttifaqı onun sülh və barışığın qurulmasına misilsiz töhfəsini təqdir edir. Onun itkisi bütün dünyada hiss edilir".
Niderland kralı Villem Aleksandr: "Biz Kraliça II Elizabeti dərin hörmət və böyük məhəbbətlə xatırlayırıq. O, ömrünü Britaniya xalqına xidmətə həsr edib. Biz Birləşmiş Krallıq və kral ailəsinin kədərini bölüşürük".
Almaniya Prezidenti Frank-Valter Ştaynmer: "Kraliça II Elizabet əsri formalaşdıran qadındır. O, müasir tarixin şahidi olub və tarix yazıb".
İtaliyanın Baş naziri Mario Draqi: "Kraliça Elizabet son yetmiş ildə dünya tarixində əsas oyunçu idi. O, Böyük Britaniya dövlətini balans, müdriklik və demokratiya ilə təmsil edirdi. O, ölkəsinin ən sevimli simvolu olub və hörmət qazanıb".
Fransa Prezidenti Emmanuel Makron: "Kraliça II Elizabet 70 ildən artıq bir müddətdə Britaniya xalqının davamlılığını və birliyini təcəssüm etdirdi. Mən onu Fransanın dostu, ölkəsində və əsrində əbədi izlər buraxmış mehriban Kraliça kimi xatırlayıram".
Pakistanın Baş naziri Şahbaz Şərif Kraliça II Elizabetin vəfatından kədərləndiyini söyləyib: “Pakistan onun ölümünə yas tutan Britaniya və digər Birlik ölkələrinə qoşulur. Böyük Britaniyanın kral ailəsinə, xalqına və hökumətinə səmimi başsağlığı verirəm".
Polşa Prezidenti Anjey Duda Kraliçanın vəfatı ilə əlaqədar Kral ailəsinə və bütün Britaniya xalqına dərin hüznlə başsağlığı verib: "Kraliça onilliklər ərzində Britaniyanı həqiqətən böyük edib. II Elizabet Polşada və bütün dünyada xatırlanacaq".
Akif İsmayılov