“Yeganə istəyim odur ki, Tale adlı adamı mənim adımdan istifadə edərək həbsdə saxlamasınlar, vəssalam. Mən bu işi təsdiqləyə bilmərəm. Mən Allahdan qorxan adamam. Çünki bilmirəm bu işi kim eləyib”. Bu sözləri “Yeni Müsavat”a xalq artisti, deputat Zeynəb Xanlarova bildirdi.
Z.Xanlarova bağ gözətçisinin “102" xidmətinə zəng etməsi və digər məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun açıqlamasına da reaksiya verdi: ”Mənim gözətçim zəng eləyib. Sonra mənə zəng edib ki, Zeynəb xanım, belə bir şey olub. Yalnız ondan sonra mən nazirə zəng elədim ki, gözətçim belə bir söz dedi. Narahatçılığımı bildirdim ki, bəs, bu, nə olan məsələdir. Nazir dedi nigaran qalmayın, kim bunu edibsə, həbs edəcəyik". Xalq artisti bildirdi ki, o, Tale adlı şəxsdən şikayətçi olmayıb: “Nardaranlılar ömrü boyu mənə hörmət edib, onlardan heç vaxt hörmətsizlik görməmişəm. Bu adamın adının hallandırılmasından sonra nazirin köməkçisi ilə danışdım ki, bəs, bu, nə məsələdir. Dedim xahiş edirəm nə edirsinizsə-edin, amma tanımadığım adamla mənim adımı yanaşı çəkməyin, məni bu işə qarışdırmayın. Kim eləyibsə, təbii ki, cəzasını almalıdır. Amma axı mən deyə bilmərəm bunu kim edib. Bir dənə şüşədir atıblar həyətə, nə olsun? Elə qonşunun da bağına atıblar. Sadəcə mitinq vaxtı belə bir şey olub. Bizim bağın da qabağı açıqdır, ora-bura atıblar, atdıqlarından biri də bizə düşüb. Mən gedib baxdım, bağda heç nə yoxdur. Bunlar məsələləri şişirdib dağ başına qoyublar”.
Xatırladaq ki, ötən həftə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Qeyd eolunur ki, həmin şəxslər vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atıblar, divarlara "Taleh Bağırova azadlıq!" sözləri yazıblar.
Z.Xanlarova isə mediaya açıqlamasında bu hadisələrdə onun adının hallandırılmasına sərt şəkildə etiraz edib.
Modern.az