Modern.az

Pol Qobl yenidən gündəmdə

Pol Qobl yenidən gündəmdə

15 Aprel 2013, 12:12

Akif Nağı

Amerikalı politoloq Pol Qoblun köhnə və yeni fikirləri, planları yenidən gündəmi tutub. Bu gün dünyada rəsmi və qeyri-rəsmi mövqelərin arasında  o qədər də böyük və fərqli sərhəd yoxdur, çox vaxt hansının daha önəmli və ya daha “rəsmi” olduğunu müəyyən etmək də çətin olur. Bəzən qeyri-rəsmi açıqlamalarla, qeyri-rəsmi şəxslərin söylədikləri fikirlərlə rəsmi mövqenin təsir imkanları yoxlanılır.Bu qeyri-rəsmi şəxslərin əksəriyyətinin sabiq diplomat, hərbçi, siyasi çəkili məmur, yəni rəsmilərin içərisindən çıxmaları da məsələnin mahiyyətinə aydınlıq gətirir. Bu  qəbildən Pol Qobl da sabiq Pentaqon əməkdaşı kimi istisna təşkil etmir.

  Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Hər şeydən əvvəl, qeyd edim ki, həmin plan da bu gün mətbuata ciddi şəkildə təhrif olunaraq çıxarılır. Belə təqdim olunur ki, guya bu plana görə, Dağlıq Qarabağ Laçınla birlikdə Ermənistana verilməli, əvəzində isə Mehri dəhlizi kiçik bir zolaq şəklində Azərbaycana qaytarılmalı imiş. Əslində isə o vaxt da “Qobl planı” haqda heç bir rəsmi açıqlama verilməmişdi. Amma mətbuatda gedən məlumatlara görə, söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi. Bu gün həmin faktı təhrif edənlərin öz məqsədi var, ekvivalent olmayan mübadilə variantını ictimai rəyə gətirmək istəyirlər.

  Pol Qobl planı həm də o vaxtlar ABŞ-ın ciddi fəallığı demək idi. 90-cı illərin sonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təşəbbüs ABŞ-ın əlində idi. Rusiya bu vəziyyəti dəyişmək üçün 1999-cu il “27 oktyabr gülləboranı”na getdi, Ermənisatnın rəhbərlərindən 8 nəfəri parlamentin binasında qətlə yetirdi. Buna görə Rusiyanı ittiham etməyə sübut yoxdur, amma bunu Rusiyadan başqa heç kəs edə bilməzdi, bacarmazdı və bu, Rusiyadan başqa heç kəsə lazım deyildi. ABŞ bundan sonra geri çəkildi, 2001-ci ildə Ki-Uest prosesi ilə sonuncu dəfə cəhd etdi, sonra isə çəkilib oturdu yerində. Görünür, Rusiya ilə rəqabətin, bu regionda rəqabətin mənasız olduğu qənaətinə gəldi. Rusiyanın ikiəlli yapışdığı yeganə münaqişə Qarabağdır, heç cür əl çəkmək istəmir, heç kəsi yaxına buraxmaq da istəmir. Vaxtilə İranın, Qazaxıstanın vasitəçilik təşəbbüslərinin də qarşısı Rusiya tərəfindən, özü də çox kobud bir şəkildə alınmışdı.

  Qoblun yenidən gündəmə gəlməsini ABŞ-ın fəallaşmaq istədiyi kimi dəyərləndirmək olarmı? Suala birmənalı cavab vermək çətindir. Bir şeyi də vurğulamalıyıq ki, Qobl təkcə köhnə planı ilə xatırlanmır, yeni çıxışlarla da gündəmə qayıdır. Xeyli vaxtdı ondan səs-soraq yox idi, hətta fikirləşdim ki, ölüb-eləyib, ya da daha münaqişələrlə məşğul olmur. Bu günlərdə “Amerikanın səsi”ndə danışdı və hamını təəccübləndirən tezislərlə çıxış etdi. Onun dediklərindən belə məlum oldu ki, Rusiya Azərbaycanı Ermənistandan daha çox dəyərləndirir, Azərbaycanda ruspərəst qüvvəni hakimiyyətə gətirmək istəyir, ondan sonra isə İrəvana “rədd ol” komandası vermək niyyətindədir.

  Bu iki xəbəri, yəni Qoblun köhnə fikirlərinin xatırlanması və onun yeni, kifayət qədər sensasion fikirlə çıxış etməsini birləşdirən bir cəhət var-Amerikanın regionda daha fəal siyasət yeritməsinə nail olmaq istəyi. Ona görə də Amerikanın çox da uzaq olmayan keçmişdə regionda söz yiyəsi olması onun yadına salınır və Rusiyanın açıq ekspansionist niyyəti faş edilir. Hər iki halda məqsəd Vaşinqtonu qıcıqlandırmaq və hərəkətə keçməsinə nail olmaqdır. Bir məqamı da qeyd etməliyəm ki, Pol Qobl Azərbaycanın geostrateji əhəmiyyətini, xüsusilə də İrana gedən yolun üstündə olmasını qabardır. İrana dişlərini qıcadan ABŞ üçün bu faktor da qıcıqlandırırcı rol oynaya bilər.

  Yekunda iki məsələni vurğulamaq istəyirəm:  biri ABŞ, digəri Rusiya ilə bağlıdır. Qoblun gündəmə qayıtması regionda  və xüsusilə də Qarabağın taleyi ilə bağlı  məsələdə iki dövlətin qarşıdurmasının kəskinləşməsi ehtimalından xəbər verə bilər. Hər iki tərəf təhlükə mənbəyidir, sevinməli, ümid etməli bir şey yoxdur. ABŞ-ın regionda təsirinin güclənməsi yaxşı heç nə vəd etmir. Onların Qarabağla bağlı mövqeləri obyektivlikdən uzaqdır, Qarabağın Azərbaycana qaytarılması fikrindən uzaqdırlar. 90-cı illərin ortalarında Qarabağ danışıqlarında ABŞ-ı təmsil edən Con Mareska vəzifəsindən gedəndən bir neçə il sonra yazırdı: “Azərbaycan Qarabağ  xülyalarından əl çəkməlidir.” Qarabağ danışıqlarında vasitəçilik etmiş bir şəxsin belə açıqlama verməsi təsadüfi deyil və Vaşinqtonun rəsmi mövqeyindən də o qədər fərqlənmir. Rusiyanın Ermənistandan uzaqlaşıb Azərbaycana yaxınlaşacağı etimalı isə sıfıra bərabərdir. Daha doğrusu, bunu bir dəfə görmüşük, bizimlə yaxınlaşdı, evimizə gəldi, sonra isə Zəngəzuru əlimizdən alıb ermənilərə verdi, Dağlıq Qarabağ adında qondarma qurum yaradıb erməniləri “muxtarlaşdırdı”.

 Sonda bir daha vurğulayıram ki, Qarabağa dair kənardan heç bir xoşniyyətli təşəbbüs yoxdur və olmayacaq, gözləməyinə dəyməz. Kimin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, Azərbaycan dünyanın münasibətlər sistemində öz yerini tutub, dünyanın təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycanda baş verə biləcək hər hansı bir hadisə, xüsusilə də Qarabağla bağlı hər hansı olay dünyanın nizamına təsir edəcəkdir. Təhlükəsizliyinin qayğısına qalan  dünya bu həqiqəti başa düşməlidir. Azərbaycan xalqı heç vaxt torpaq itkisi ilə razılaşmayacaq, bunu Ermənistandakılar da, onların havadarları da başa düşməli, “müqəddəratı təyinetmə hüququ” deyib Dağlıq Qarabağdakı qondarma rejimi saxlamaq, Azərbaycan cəmiyyətini yorub-yorub usandırmaq xülyalarından əl çəkməlidirlər. Azərbaycan cəmiyyəti torpaqlarına qayıtmaq fikrində qətidir, başqalarının köməyinə və məsləhətinə də ehtiyacı yoxdur. Pol qobllar özlərinə əziyyət verməsinlər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir