Prezident Vladimir Putinin ordu generalı Sergey Surovikini Ukraynada müharibə aparan Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Qoşun Qruplaşmasına baş komandan təyin etməsi rəsmi Kiyevi dəstəkləyən Qərb dövlətlərinin diqqətini çəkib.
Modern.az-ın xəbərinə görə, Britaniyanın Müdafiə Nazirliyi ingilis kəşfiyyatının məlumatları əsasında bildirib ki, bu təyinat Rusiya qüvvələrinin mövqelərini yaxşılaşdırmaq cəhdlərini nümayiş etdirir.
“Hələb qəssabı” ləqəbi daşıyan Surovikin əvvəllər Rusiya Hərbi-Kosmik Qüvvələrinə komandanlıq edirdi. (Surovikin əvvəllər Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına komandanlıq edib və oradakı amansızlığına görə “Hələb qəssabı” ləqəbi alıb. General Hələb şəhərində dağıntılara səbəb olan hava hücumlarının təşkilatçısı kimi tanınıb).
Britaniya kəşfiyyatı hesab edir ki, general Surovikin çox güman ki, ordu rəhbərliyinin Ukraynada qarşıya qoyduğu siyasi məqsədlərə çatmaq üçün kifayət qədər resursa malik olmayan Rusiya Müdafiə Nazirliyi ilə rəqabət aparmalı olacaq.
“Guardian” qəzetinin köşə yazarı, hərbi redaktor Dan Sabbax yazır ki, Rusiya rəhbərliyi ukraynalılar arasında qorxunu gücləndirməyə çalışsa da, gələcəkdə dəqiq silahların çatışmazlığı səbəbindən və Qərbin reaksiyası qarşılığında Ukraynaya kütləvi raket zərbələri endirə bilməyəcək. O, Rusiya prezidenti Vladimir Putinin Ukrayna şəhərlərini kütləvi şəkildə atəşə tutmaq qərarının taktiki deyil, siyasi addım olduğunu vurğulayıb.
Hərbi redaktorun sözlərinə görə, Kreml məqsədyönlü şəkildə Ukraynaya ağır mülki itkilər yaşatmaq üçün qanadlı raketlərlə hücum edib.
"Onların məqsədi Ukraynanın rəhbərliyinə və mülki əhaliyə qorxu yaratmaqdır və Moskva ümid edir ki, Rusiya hələ də Ukrayna ərazisinin bir hissəsini işğal etdiyi bir vaxtda Kiyev nəhayət danışıqlara getməyə məcbur olacaq. Rusiyanın belə intensiv hücumu davam etdirə bilməyəcəyi qaçılmazdır”.
Redaktor vurğulayıb ki, Ukrayna şəhərlərinə zərbələr cəbhə xəttində qüvvələr balansına və sadə ukraynalıların Rusiya təcavüzünə müqavimət göstərmək istəyinə təsir göstərməyəcək. Bundan əlavə, o, Ukraynanın kütləvi atəşə tutulmasında müəyyən nümunəni qeyd edib: Rusiya ordusu cəbhədə uğursuzluğa düçar olanda Vladimir Putin getdikcə daha qəddar qərarlar qəbul edir.
"Moskva bilir ki, münaqişənin gərginləşməsinə ehtiyac var. O, məhbusları cəlb etməyə və onları zorla orduya çağırmağa çalışdı, lakin bu, nəticə vermədi. İndi o, kütləvi şəhər bombardmanı dalğasına əl atıb", - hərbi ekspert vurğulayıb.
Oktyabrın 10-da səhər saatlarında Rusiya Ukrayna şəhərlərinə güclü raket zərbələri endirib. Bombardman nəticəsində 19 nəfər həlak olub, 105 nəfər yaralanıb.
Oktyabrın 11-də ruslar yüksək dəqiqlikli raketlərlə Ukrayna ərazisinə kütləvi hücumu davam etdirib. Səhər saat 7 radələrində işğalçıların strateji aviasiyası Tu-95 və Tu-160 raketdaşıyıcıları Xəzər dənizi regionundan işə başlayıb.
A.Qorxmaz