Modern.az

Ermənistanda “Krım terror”una görə cinayət işi açıldı

Ermənistanda “Krım terror”una görə cinayət işi açıldı

13 Oktyabr 2022, 13:16

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nın mətbuat xidməti məlumat yayıb.

 

“Alınan məlumatların düzgünlüyünü yoxlamaq və işin bütün detallarını aydınlaşdırmaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanıb. Beynəlxalq terrorizmdə iştirak, partlayıcı maddələrin Avropa İttifaqının sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi məsələsi geniş araşdırılacaq”, - deyə rəsmi açıqlamada vurğulanıb.

 

Mətbuat xidmətinin məlumatına görə, cinayət işinin başlanması barədə qərar terror aktının həyata keçirilməsi üçün istifadə edilən partlayıcının Ermənistan Respublikasına xaricdən daxil olan Ermənistan vətəndaşının idarə etdiyi yük avtomobilində gizlədilməsi və bundan sonra oradan getməsi barədə KİV-də dərc olunan xəbərlərdən sonra qəbul edilib.

 

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışda 4 nəfər həlak olub. Faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub. Rusiya körpüdəki partlayışın terroru aktı olduğunu elan edib.

 

Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışın təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov olduğunu açıqlayıb:

 

"Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə müəyyən edib ki, Krım körpüsündəki terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və bu qurumun rəhbəri Kirill Budanov olub".

 

Bildirilib ki, FTX Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etmiş 12 nəfəri müəyyən edib və artıq onlardan 9-u saxlanılıb.

 

"Hazırda cinayət işi çərçivəsində hadisədə iştirak etmiş beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşı saxlanılıb", - Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI