“Biz taxıl daşınmasına dair razılaşmanı gücləndirmək və qüvvədə saxlamaq, Rusiya taxılını və gübrəsini Türkiyə vasitəsilə inkişaf etməmiş ölkələrə daşımaqda qətiyyətliyik”.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Astanada görüşü zamanı deyib.
Ərdoğan qeyd edib ki, taxıl dəhlizinə dair Türkiyə və Rusiyanın atacağı addımlar müəyyən dairələri narahat edəcək, digər tərəfdən isə az inkişaf etmiş ölkələri sevindirəcək:
"“Akkuyu” Atom Elektrik Stansiyasının ilk turbininin açılışı gələn ilin ilk yarısında baş tutacaq. “Sinop” Atom Elektrik Stansiyası ilə bağlı da addım atıla bilsə, bunun fərqli effekti olacaq".