Almaniyada səhiyyə naziri Karl Lauterbaxi qaçırmağı planlaşdıran qadın saxlanılıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Elizabet R. adlı qadın naziri oğurlamağı planlaşdırıb, lakin istəyinə nail ola bilməyib. Cinayət əməli ifşa olunan qadın ələ keçirilərək, istintaqa cəlb olunub. O, dövlətə xəyanət cəhdində ittiham edilir.
Elizabet R-nin Almaniya konstitusiyasını, əsas nizamını rədd edən və ölkənin avtoritar sistemə keçməsini müdafiə edən ideologiyaya sahib olduğu bildirilir.
Rəsmi açıqlamada onun üzvü olduğu təşkilatın Almaniyada vətəndaş müharibəsinə bənzər şərait yaratmağı və bununla federal hökumətin, parlament demokratik nizamının devrilməsini təmin etməyi hədəflədiyi vurğulanıb.
Təşkilat elektrik obyektlərinə hücum, səhiyyə naziri Lauterbaxı oğurlamağı, zərurət yarandıqda isə mühafizəçilərini öldürməyi planlaşdırıb. Təqsirləndirilən şəxsin bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.
Qeyd edək ki, bu ilin aprel ayında təşkilatın 4 üzvü həbs edilib.
Fotodakı şəxs: Almaniya səhiyyə naziri Karl Lauterbax