Ruslar Ukraynanın şəhərlərinə kütləvi zərbələr endirməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Rusiya yeni hücum üçün İrandan ballistik raketlər sifariş edib. Zelenski, həmçinin vurğulayıb ki, ilk növbədə Ukraynanın enerji infrastrukturuna zərbələr endirilə bilər.
Ukrayna lideri onu da bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə İranın müharibədəki məsuliyyəti barədə danışıb.
"İran rejimi cəzalandırılmalıdır. Biz bu məsələni təkcə ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran rejimi Rusiyaya müharibəni davam etdirməyə kömək edir", - prezident deyib.
Qeyd edək ki, Qərb mətbuatında İranın Rusiyaya "Fəth" və "Zülfüqar" tipli ballistik raketlər verə biləcəyi barədə məlumatlar yayılıb.
Akif İsmayılov