Modern.az

ABŞ-dan Bayramov-Mirzoyan görüşü ilə bağlı daha bir AÇIQLAMA

ABŞ-dan Bayramov-Mirzoyan görüşü ilə bağlı daha bir AÇIQLAMA

9 Noyabr 2022, 00:51

“Biz Cənubi Qafqazda sülhün olduğu gələcəyi təşviq etməyə sadiq qalırıq. Biz inanırıq ki, birbaşa dialoq məsələlərin həllində və regionda dayanıqlı sülhə nail olmaq üçün açardır”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, ABŞ-ın prosesdə rolu danışıqları sürətləndirməkdir: “Tərəflər Bleyer Hausda bir araya gəldilər. Sentyabr ayında da biz Nyu-Yorkda görüş təşkil etmişdik”.

 

Sözçü qeyd edib ki, ABŞ-ın prosesdə iştirakı Ermənistanla Azərbaycan arasında razılaşmanı diktə etmək deyil.

 

“Bizim gördüyümüz iş iki tərəfin bir araya gəlməsi üçün məkan və ya fürsət yaratmaqdır. Düşünürəm ki, iki tərəfin görüşü bir çox fikir ayrılıqlarının ortaya çıxmasına müsbət təsir göstərib. Fikrimcə, günün sonunda diplomatiyaya davam edib, birbaşa dialoq barədə razılığa gələ biliblər. Bu olduqca vacibdir. Ancaq iki ölkə arasında davamlı sülhü təyin etmək bizim işimiz deyil”,- Prays bildirib.

 

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton tərəflərə imzalanmağa hazır olan sənəd təqdim etmir. Bu ölkə diplomatiya yolu ilə tərəflərə kömək üçün əlindən gələn hər şeyi edir.

 

“Hər iki tərəf birlikdə işləyəcəyini, əlaqələri davam etdirəcəyini bəyan edib. Bu indiki şəraitdə müsbət addımdır. Tərəflər yaxın həftələrdə də müzakirə üçün görüşmək barədə razılaşıblar”,- deyə Prays vurğulayıb.

 

Tərəflərin bu ilin sonunadək sülh müqaviləsi imzalama ehtimalı ilə bağlı sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, bu, Azərbaycanla Ermənistanın verəcəyi bir qərardır:

 

“Biz tərəflərin dayanıqlı sülhə nail olmaq istiqamətində irəliləyişin əldə edilməsi üçün əlimizdən gələni edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI