Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfirin çağırılmasına səbəb Ukraynanın İsrail əleyhinə olan BMT qətnaməsinin lehinə səs verməsi olub. İsrailin Ukraynanın mövqeyi ilə bağlı narahatlığı səfirin diqqətinə çatdırılıb.
“Səfirə bildirilib ki, bu davranış dostluq davranışını təcəssüm etdirmir”, - açıqlamada deyilir.
Görüşlə bağlı Ukraynanın İsraildəki səfirliyinin “Facebook” hesabında qeyd olunub ki, Ukrayna səfiri Rusiyanın Kiyevə təzminat ödəməsi ilə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı İsrailin mövqeyindən məyusluğunu bildirib. İsrail nümayəndəsi BMT səsverməsində iştirak etməyib.
Digər BMT qətnaməsində İsrailin İordan çayının qərb sahilini işğal etməsi ilə bağlı beynəlxalq təhqiqatın açılması nəzərdə tutulur. Səsə qoyulan qətnamənin 98 ölkə lehinə, 17 ölkə isə əleyhinə səs verib, 52 ölkə bitərəf qalıb.