Qəzənfər Həmidoğlu Gözlənilən bir faciənin tarixçəsi

Qəzənfər Həmidoğlu

Gözlənilən bir faciənin tarixçəsi

4 Dekabr 2022, 20:32

Qəzənfər Həmidoğlu

Mixail Saakaşvili həbsdə həyatını itirərsə, bu faciənin baiskarı yalnız onu həbsə atan Bidzina İvanişvili və ya bu həbsin sifarişçisi Vladimir Putin olmayacaq, bu günahdan Gürcüstanın 3-cü prezidentinin həbsxanadakı zillətinə seyrçi qalan gürcü cəmiyyətinə və Gürcüstan hökumətinə yetərli təzyiqlər göstərməyən Qərb ölkələrinə də pay düşəcək.

Heç kim qanundan üstün olmamalıdır, eks-prezident hakimiyyəti dönəmində qanunsuzluq edibsə, mühakimə olunmalıdır. Amma söhbət Saakaşvilinin günahkar olub-olmamasından, ona simpatiyadan və ya nifrətdən getmir. Adamın səhhəti pis gündədir. Ola bilsin ki, vəkilləri və həkimləri şişirdirlər və ya gerçəkdən də situsiya faciəvidir. Məsələ yalnız bunda da deyil. Hər bir adam günahından asılı olmayaraq ədalət, həmçinin humanizm kriteriyaları ilə mühakimə olunmalıdır.

Saakaşvili sıravi bir kəs deyil, Gürcüstanda normal sivil cəmiyyət və hakimiyyətin qurucusu, prezidentliyi dönəmində buraxdığı səhvlərdən və islahatlarının yetərli olub-olmamasından asılı olmayaraq müasir gürcü demokratiyasının simvoludur. Bu insan Gürcüstan üçün çox iş görüb, bu ölkəyə faktiki olaraq tarixi bir dönəm yaşadıb və onun xidmətlərini siyasi rəqibləri də etiraf edirlər. Amma postsaakaşvili dönəmində Gürcüstan hakimiyyəti və hüquq-məhkəmə sistemi nə günə düşüb ki, eks-prezidenti nə sivil mühakimə edir, nə adam kimi həbsdə saxlayır, nə də insafa gəlib normal müalicəsini təşkil edirlər. Prezident Salome Zurabişvili isə tutuquşu kimi təkrarlayır ki, Saakaşvilini heç vaxt əfv etməyəcək.


Gürcüstanda ptezident postu arabanın beşinci təkəri kimidir, xanım Zurabişvilini oturdublar ofisində, səsini-fikrini eşidən yoxdur. Gürcüstanda bir kəsin hökmü keçir, icraedici, qanunverici və məhkəmə hakimiyyətlərində bir nəfərin zurnası ötür – bu, ümumgürcüstan “ağsaqqalı”, Saakaşvilinin arzularını basdıran “Gürcü arzusu”nun lideri batono Bidzinadır. İvanişviliyə Saakaşvilinin ölümü bəlkə də sərfəli deyil, ən azı anlamamış deyil ki, bu işdə xoşagəlməz sürprizlər riski var. Amma İvanişvili Putindən gör nə qədər qorxur ki, üzləşəcəyi diskomfortları belə gözardı edərək RF prezidentinin “əsas şəxsi düşməni”ni həbsdə çürüdür.

Qərbdə Gürcüstana müttəfiq kimi baxmaqda davam edirlər, baxmayaraq ki, son dönəmlərdə müttəfiq sıralamasında qonşumuz Ukrayna və Moldovanın gerisinə düşüb. Rəsmi Tiflis Ukrayna ilə bağlı beynəlxalq qurumlardakı səsvermələrdə Rusiyanın əleyhinə səs verir. Bununla yanaşı, diplomatik münasibətləri olmayan Rusiya ilə Gürcüstan arasında son vaxtlar yaxınlaşma aşkar sezilir. Sivil dünyanın Rusiyaya sanksiyalar tətbiq etdiyi bir dönəmdə iki ölkə arasında ticari-iqtisadi əlaqələr sıçrayışla artır.

Gürcüstanda əmindirlər ki, İvanişvili ölkəni Qərb vektorundan sapdıra bilməz. Amma azadlığı əldə etmək çox çətin, əldən vermək isə olduqca asandır. Bu gedişlə, İvanişvili hakimiyyəti cəmiyyəti infantilləşdirdikcə, bir gün gürcülər oyanıb görə bilərlər ki, lələ köçüb, yurdu qalıb. Çünki mühakimə olunan sadəcə Gürcüstan demokratiyasının simvolu deyil, demokratiyanın ta özüdür və gürcü cəmiyyəti, eləcə Saakaşvilinin öz partiyası da bu dramın, bəlkə də faciənin tamaşaçısıdır.

Əgər həbsdəki eks-prezidentin həyatı faciəvi bitərsə, Putin sevinəcək, İvanişvilinin vecinə olmayacaq, amma bu kədərli son ona seyrçi qalan gürcü xalqının tarixində ləkə kimi qalacaq…

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq