Ukraynanın dövlət borcunun həcmi fevral ayından bəri 45 faiz artaraq ümumdaxili məhsulun 80 faizinə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznya bildirib. Onu sözlərinə görə, noyabrın 1-də ölkənin dövlət borcu 93,5 milyard dollar təşkil edib. Fevral ayından bəri dövlət borcu qrivna ekvivalentində 45 faiz (daxili borc 23 faiz, xarici borc 63 faiz) artıb.
Bundan öncə Ali Radanın maliyyə, vergi və gömrük siyasəti komitəsinin rəhbəri Daniil Getmantsev ilin sonunadək borc yükünün ümumdaxili məhsulun 90 faizinə, gələn il isə 100 faizinə çatacağını proqnozlaşdırmışdı. Hökumətin son hesablamasına görə, 2022-ci il üçün ümumdaxili məhsulun (ÜDM) həcmi 4,73 trilyon qrivna (128,59 milyard dollar) təşkil edəcək.
Məlumata görə, Ali Radanın büdcə komitəsi 2023-cü ilin dövlət büdcəsi layihəsinə uyğun olaraq, dövlət borcunun yuxarı həddini 6,42 trilyon qrivnayadək (172,7 milyard dollar) artırıb ki, bu da növbəti il üçün ÜDM-in proqnozlaşdırılan həcminin 102,3 faizini təşkil edir.
2023-cü ildə ümumdaxili məhsul 6,27 trilyon qrivna (təxminən 169 milyard dollar) ətrafında proqnozlaşdırılır.