Modern.az

Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT

Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT

Dünya

8 Dekabr 2022, 10:27

Almaniyada dövlət çevrilişi etməyi planlaşdıran ekstremistlər hakimiyyəti alman aristokrat Reyss ailəsinin üzvü olan şahzadə XIII Henrixə ötürməyə ümid edirdilər.

Modern.az xəbər verir ki, “Reuters” uğursuz çevrilişin təfərrüatları barədə yazıb.


Agentliyin məlumatına görə, Almaniya prokurorluğu XIII Henrix ilə Rusiya arasında iddia edilən əlaqələri açıqlayıb.

Almaniya Daxili İşlər Nazirliyindəki mənbədən bildirilib ki, hazırda ölkənin xüsusi xidmət orqanları sui-qəsdçilərin Rusiya ilə hər hansı mümkün əlaqəsini öyrənirlər.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iddialara cavab olaraq deyib ki, hadisə “daha ​​çox Almaniyanın daxili problemidir”.

Qeyd edək ki, Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Həbs edilənlərdən biri alman şahzadəsi XIII Henrixdir. Onun dövlət çevrilişi planının təşkilatçısı kimi saxlanıldığı bildirilir. Bundan başqa, onun əslən iranlı xanımı Susan Doxt Cəlali də həbs edilib.

71 yaşlı şahzadə XIII Henrix vaxtilə  Şərqi Almaniyada kiçik bir dövləti idarə etmiş knyazlıq ailəsinin nəslindəndir. XIII Henrixin ulu babası həmin knyazlığın sonuncu hökmdarı olub.

Reyss aristokrat ailəsi artıq III Henrixin evriliş cəhdində iştirakını pisləyib. Ailə onu sui-qəsd nəzəriyyələrinə və antisemitizmə heyranlığına görə “çaşmış qoca” adlandırıb. 

Müasir Almaniyada irsi zadəganların xüsusi hüquqi statusu yoxdur, titulları bəzən adların bir hissəsi kimi istifadə olunur. Şahzadə XIII Henrix də bu sıradan olan biridir.

Prokurorluğun məlumatında qeyd edilir ki, çevrilişçilər Almaniya dövlətçiliyinin legitimliyini inkar edən "Reyxsburqer" (Reyxin vətəndaşları) ideologiyasının tərəfdarlarıdır. Sui-qəsdçilərin monarxist və neonasist baxışlara sadiq olduqları deyilir. Almaniya Federal Kəşfiyyat Xidməti (BND) 21 mindən çox insanın təşkilatın üzvü olduğunu bildirib.

Xatırladaq ki, Almaniya polisi sağ ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb. Onlar Bundestaqa basqın etmək istəyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sağçı terror təşkilatının üzvləri və rəğbətləri də daxil olmaqla 27 nəfəri saxlayıb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu