Bir neçə gün əvvəl ABŞ tərəfindən azadlığa buraxılan rusiyalı silah baronu Viktor But Ukraynadakı müharibədə iştirak etmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə o, RT nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, imkanı və lazımi bacarıqları olsa, könüllü kimi hərbi əməliyyatlarda iştirak edəcək.
“Mən (hərbi əməliyyatı -red) tam dəstəkləyirəm. İmkanım və lazımi bacarıqlarım olsaydı, təbii ki, könüllü iştirak edərdim”, - deyə But bildirib.
Xatırladaq ki, dekabrın 8-də Rusiyada həbs edilmiş amerikalı basketbol ulduzu Britni Qriner azadlığa buraxılıb. ABŞ bunun müqabilində rusiyalı silah baronu Viktor Butu azad edib. "Ölüm taciri" ləqəbini daşıyan But 1990 və 2000-ci illərdə Afrikada, Cənubi Amerikada və Asiyada qiyamçılara, qeyri-qanuni dəstələrə, sanksiya altında olan dövlətlərə silah satıb. Birləşmiş Ştatlar 1990-cı illərin sonunda Viktor Butla bağlı araşdırmalara başlayıb. O, 2000, 2005 və 2006-cı illərdə BMT Təhlükəsizlik Şurasının, Beynəlxalq Amnistiya Təşkilatının və ABŞ Dövlət Departamentinin hesabatlarında BMT sanksiyalarından yayınaraq Afrikaya ən böyük silah tədarükçülərindən biri kimi qeyd edilib.
Akif İsmayılov