Modern.az

Rəisi Çin baş nazirinin müavininə irad bildirdi, yanlışı düzəltməyi tələb etdi

Rəisi Çin baş nazirinin müavininə irad bildirdi, yanlışı düzəltməyi tələb etdi

13 Dekabr 2022, 17:04

İran prezidenti İbrahim Rəisi çərşənbə axşamı Çinin baş nazirinin müavini Hu Çunhua ilə görüşüb.

Modern.az “Mehr”ə istinadən xəbər verir ki, Rəisi Çin baş nazirinin müavini ilə görüşdə Çin liderinin Səudiyyə Ərəbistanına son səfəri zamanı tutduğu mövqeyi tənqid edib.

O deyib: “Çin prezidentinin Fars körfəzi bölgəsinə son səfəri zamanı tutduğu mövqe İran xalqı və hökumətinin narazılığına səbəb olub".
 

İbrahim Rəisi deyib ki, İranın ciddi tələbi Çinin bu yanlışı aradan qaldırmasıdır.
 

O, Çin nümayəndə heyətinin İrana səfərinin iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki ölkənin rəsmilərinin əvvəlki görüşlərində əldə olunan mühüm razılaşmaların həyata keçirilməsi üçün tərəflərin səyləri vacibdir.
 

Baş nazirin müavini isə öz növbəsində Çin liderinin salamlarını İran prezidentinə çatdırıb və Çinin güclü İranla əlaqələrini inkişaf etdirmək əzmini ölkəsinin daimi və dəyişməz strategiyası kimi vurğulayıb.
 

Çunhua deyib: “Çinin İran İslam Respublikası ilə əlaqələri gücləndirmək və dərinləşdirmək əzmi regional və beynəlxalq hadisələrdən asılı olmayaraq davam edəcək”.
 

Onun sözlərinə görə, Çin həmişə İran İslam Respublikasının milli suverenliyi və ərazi bütövlüyünə hörmət edib və İranın əsas maraqlarını təmin etmək səylərini dəstəkləyir.

Çunhua həmçinin, İran rəsmiləri ilə keçirdiyi görüşlərin nəticələrinə dair hesabatı İbrahim Rəisiyə təqdim edib.


“Mehr”in məlumatına görə, on milyardlarla dollarlıq birgə sərmayənin fəaliyyətə başlaması və sənaye, enerji, tranzit, maliyyə, bank əməkdaşlığının inkişafı ilə iki ölkə strateji və inkişaf tərəfdaşlıqlarının həyata keçirilməsi istiqamətində böyük addım atır.

İran Çin kimi böyük bazarı itirməkdən ehtiyat edir. Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginliyi və Çinin Ərəbistanla yaxınlaşması İranın narahatlığına səbəb olub.


Xatırladaq ki, Çinin dövlət başçısı Si Cinpinin bir neçə gün öncə Səudiyyə Ərəbistanına səfəri zamanı iki dövlət arasında imzalanan birgə bəyanat İranın narahatlığına səbəb olub.


Birgə bəyanatın bəndlərinin birində İranın qonşu dövlətlərin daxili işlərinə qarışması pislənilib və rəsmi Tehrandan bu siyasətə son qoyması istənilib.

Digər bənddə isə İranın mehriban qonşuluq prinsipinə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Tərəflər, həmçinin İranın nüvə proqramının sülhməramlılığını təmin etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsini tələb ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər