Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Jozep Borrell Avropa Parlamentindəki korrupsiya skandalına münasibət bildirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi bu barədə Aİ və qeyri-kommersiya təşkilatlarının birgə təşkil etdiyi forumda çıxışı zamanı danışıb.
"Avropa Parlamentində baş verənləri gizlətməməliyik. Əksinə, açıq şəkildə göstərməliyik. Çünki başqa ölkələrin rəsmiləri "bizə irad tutursunuz, amma baxın özünüzdə nələr olur" deyib bizə güləndə deyə bilək ki, biz heç olmasa, hərəkətə keçirik, ortaya çıxarırıq, şəffaflıq və hesabatlılıq böyük fərq yaradır", - deyə Borrell bəyan edib.
O, parlamentdə baş verənlərin siyasi sistem üçün nə qədər mühüm olduğunu və məsələnin nə qədər ciddi olduğunu vurğulayıb.
Qeyd edək ki, Avropa Parlamentində sabiq vitse-prezident və Yunanıstandan olan deputatın korrupsiya əməllərinin ifşa olunmasından sonra qanunverici orqanın binasındakı ofislərdə axtarış aparılıb və yeni faktlar üzə çıxarılıb. Hazırda araşdırmalar davam etdirilir.