Ötən gecə Fransanın bəzi şəhərlərində dünya çempionatının yarımfinalında Mərakeş yığmasının uduzması məlum olduqdan sonra futbol azarkeşləri arasında iğtişaşlar baş verib.
Modern.az xəbər verir ki, fevralın 14-də dünya çempionatının yarımfinalında Fransa və Mərakeş komandaları arasında görüş keçirilib. Oyun 2:0 hesabı ilə fransızların xeyrinə başa çatıb.
Paris jandarmiyası asayişi təmin etmək üçün paytaxtın mərkəzinə əlavə qüvvələr cəlb etməli olub.
Monpelyedə etnik mərakeşlilərin iştirakı ilə kütləvi dava baş verib. Sosial şəbəkələrdə yanan avtomobillərin görüntüləri yayılıb. Monpelye şəhərindəki iğtişaşlarda bir yeniyetmə ölüb. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, oğlanı avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər. Ölən şəxsin yaşı ilə bağlı rəsmi məlumat yoxdur, lakin Fransa mətbuatı yeniyetmənin 12-14 yaşlarında olduğunu yazır.
Fransa bayrağı olan avtomobildə olan şəxsin aqressiv izdihamdan çətinliklə xilas olmasını əks etdirən görüntülər də yayımlanıb.
Parisdə polis silahlarla Yelisey meydanına gedən 40 nəfərlik fransız qrupu saxlayıb. Aydınlaşdırılıb ki, saxlanılanlardan bəziləri ifrat sağa yaxın hərəkatın üzvləri kimi tanınır.
Nitsa və Avinyon, Nant, Tuluza və digər şəhərlərdə fransız azarkeşlər fəal şəkildə atəşfəşanlıq ediblər, lakin orada toqquşma baş verməyib.
Qeyd edək ki, dekabrın 17-də Mərakeş millisi üçüncü yer uğrunda görüşdə Xorvatiya yığması ilə qarşılaşacaq. Dekabrın 18-də isə dünya çempionatının finalında Fransa yığması Argentina yığması ilə qarşılaşacaq.