Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan vətənə xoş xəbərlərlə qayıtdığını bildirib.
Modern.az xəbər verir ki, o bu xəbərlərin xüsusən də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı olduğunu vurğulayıb.
"Bizim müdafiə imkanlarımızın qarşıdakı aylarda necə gücləndiriləcəyi ilə bağlı aydın təsəvvürümüz var. İndi bu barədə ətraflı danışmaq istəmirəm, yəqin ki, bunun səbəbini başa düşürsünüz. Amma buna görə prezident Baydenə çox minnətdaram".
Ukrayna prezidentinin sözlərinə görə, onun ABŞ-da apardığı danışıqların əsasını Ukraynanın güclənməsi təşkil edib.
"ABŞ-dan evə aparacağımız gözəl xəbərlərimiz var. Prezident Bayden Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi olan Patriot kompleksi bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək.”
Zelenski Baydenlə söhbətin çox vacib hissəsinin gələcək strateji addımların əlaqələndirilməsi olduğunu vurğulayıb.
"Biz gələn ildən nə gözlədiyimiz və nəyə hazırlaşdığımız barədə ətraflı danışdıq. Bu, bütün ukraynalılar üçün vacibdir", - prezident deyib.
Onun sözlərinə görə, Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, həmçinin Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər müzakirə edilib.
"Bu müharibənin 300 günü ərzində biz Ukrayna ilə ABŞ arasında münasibətlərimizdə yeni mərhələyə başlamışıq, biz real müttəfiqlik səviyyəsinə çatmışıq, bu, 100% real məzmunla doludur. Baydenlə danışıqlarda, digər görüşlərdə mən bunu hiss etdim”, - Zelenski vurğulayıb.
O, Amerika xalqına və Baydenə Ukraynaya dəstək verdiyinə görə təşəkkür edib. Zelenski ABŞ Konqresinin Ukraynaya təxminən 45 milyard dollar məbləğində maliyyə dəstəyi paketi qəbul edəcəyinə ümidvar olduğunu da söyləyib.
"Belə böyük dəstəyə görə təşəkkür edirəm. ABŞ-ın azadlığın müdafiəsinə qoyduğu bu cür sərmayənin hər dolları qlobal təhlükəsizliyin real və nəzərəçarpacaq dərəcədə artması demək olacaq", - Ukrayna prezidenti bildirib.
Xatıqladaq ki, prezident Vladimir Zelenski müharibə başlayandan bəri ilk dəfə xarici səfər üçün dünən Ukraynanı tərk edərək ABŞ-a gedib. O, Vaşinqtonda Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparıb.
Birləşmiş Ştatlar artıq Ukraynaya 1,85 milyard ABŞ dolları dəyərində yeni müdafiə yardımı ayırdığını elan edib ki, bu da ilk dəfə olaraq Patriot komplekslərini əhatə edəcək.
Qeyd edək ki, Zelenski Vaşinqtona səfəri çərçivəsində ABŞ Konqresində çıxış edib.
Zelenski ABŞ Konqresində alqışlarla qarşılanıb.
A.Qorxmaz