Modern.az
Qəzənfər Həmidoğlu 2023: nələr olar, nələr olmaz?

Qəzənfər Həmidoğlu

2023: nələr olar, nələr olmaz?

31 Dekabr 2022, 19:09

Qəzənfər Həmidoğlu

2023-cü il prinsipcə və siyasi-iqtisadi, geosiyasi anlamda 2022-ci ilin davamı olacaq. “Pələng ili”ndə başlayan bir çox proseslərə “Dovşan ili”ndə nöqtə qoyulacaq. Amma qəti proqnoz vermək nəcib iş sayılmaz. Odur ki, ilayrıcında 2023-cü ilin gözlənilənləri və ya arzulananları ilə bağlı ciddi-yarıciddi-ironik təxminlər etməyə, Medvedevvari proqnoz verməyə, “futuristik hipotezlər” qurmağa çalışaq. Düzdür, “hipotez”lərimin bəzisi qəhvə qalıqları ilə fala baxmağa oxşayır. Amma tutar qatıq, tutmaz ayran!

1. 2023-cü ilə də Ukrayna-Rusiya savaşı damğasını vuracaq. Müharibənin uzanması fonunda Rusiyanın daxilində köklü siyasi dəyişikliklər baş verəcək və postsovet məkanındakı ənənəvi münasibətlər konfiqurasiyasına ciddi korrektələr ediləcək. Konspiroloqlar əmindirlər ki, Putin gələn ilin yayına sağ-salamat çıxmayacaq. Məzh öz komandası, yaxın ətrafı və xüsisilə də Qərbin sanksiyalarından bezmiş rus oliqarxiyası bu işdə əlindən gələni əsirgəməyəcək. Post-Putin dövründə Rusiyada hakimiyyət uğrunda tarixin bəlkə də indiyədək şahidi olmadığı ölümünə çəkişmələr başlayacaq: Şoyqu-general Gerasimov cütlüyü “Vaqner” bandasının şefi Priqojin və don-don Kadırovun başını yeyəcək; Patruşev və “FSB dərin dövləti” Şoyqunu qovacaq, Ukraynada Rusiyanın boynunu yerə soxmuş generalitetin gününü göy əsgiyə bükəcək; Oliqarxiya-siyasi elita qarşıdurması zorən konsensusla - Kremlə qəfil və tərəfləri qane edəcək zəif bir fiqurun sahib çıxması ilə nəticələnək.

Ukrayna savaşında uduzan Rusiya sonadək əzilməsə, imperiya hikkəsi canından çıxarılmasa və yaxud Qərb nüvə silahı olan ölkəni 5-6 dövlətə parçalamaqdan çəkinsə, rus revanşizmi bu dəfə “SSRİ 3.0 (Ukraynasız) layihəsi”ni ortaya ata bilər ki, bu da Rusiya-Qazaxıstan münaqişəni qaçılmaz edər.

2. Böyük ehtimalla nəhayət, Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsini yerləşdirəcək. Postsavaş gedişatı dəyişəcək, Rusiyanın Ukrayna müharibəsində məğlub olması Rusiya “sülhməramlı” kontingentini (RSK) havadan asılı hala gətirəcək və bu, Azərbaycan hakimiyyətinin Qarabağın erməni sakinləri ilə dialoqu üçün münbit zəmin yaradacaq. Bununla belə, Qərbin bəzi dairələrinin, xüsusilə Fransanın, həmçinin İranın regionda aktivliyi bu prosesə əlavə problemlər vəd edir. Ermənistan-Azərbaycan sülh danışıqları Rusiya regiondan çıxmasa, dalanda qalmaqda davam edəcək. ABŞ bu prosesə ciddi və konstruktiv girişməsə, sülh sazişi yalnız üfüqdə görünəcək.

3. İranda molla rejimi yıxılmasa da, hakimiyyətdaxili çəkişmələr, hökumətə qarşı etirazlar, etnik konflikt dərinləşəcək. Güman ki, 2023-cü ildə İranda “vilayəti-fəqih” dəyişəcək - 84 yaşlı ayətullah Seyid Əli Xamneyinin varisi Müctəba Xamneyi “Sepah”ın dəstəyi ilə İmam Mehdi Sahib-əz-Zamanın planetdə yeni qəyyumu olacaq. Amma ali lider postunda belə tranzit digər iddiaçıları və mərceyi-təqlidləri qane etməyəcək və siyasi-dini-etnik ixtilafların kəskinləşməsi fonunda mollakratiya sonuna doğru finiş xəttinə çıxacaq.

4. Rusiyanın zəifləməsi fonunda Gürcüstanın “rəisi” Bidzina İvanişvilinin canından Putin qorxusu çıxacaq və gürçü hökiməti ölkənin 3-cü prezidenti Mixail Saakaşvilinin Qərb ölkələrindən birində müalicəsinə razılıq verəcək.

5. Vardanyan Xankəndidən İrəvana “hücum” edəcək, güman ki, Paşinyan onu asanlıqla dəf edəcək. Bakı da “Dovşan ili”ndə “Vardanyan kartı”nı vurub bitirəcək.

6. Bayden tribunadan yıxılacaq və vitse-prezident Kamala Haris onun yerinə keçəcək. Bununla da ABŞ tarixində ilk dəfə bir qadın – Hindistan-Yamayka əsilli xanım Ağ evin sahibi olacaq.

7. Türkiyə Cümhuriyyətin 100-cü ilində tarixinin ən dramatik seçki prosesinin şahidi olacaq. Ərdoğanın səhhəti yerində olsa, ölkənin yaşadığı sosial-iqtisadi problemlərə və siyasi ehtirasların hədsiz coşmasına rəğmən, çətin ki, postunu “6-lıq”dan kiməsə qapdırsın. Zira Türkiyədə elektorat azarkeş kimidir - pis günə-yaxşı günə baxmır, tutduğu tərəfi buraxmır.

8. Boris Conson yenidən Birləşmiş Krallığın baş naziri olacaq.

9. Vasif Talıbovdan sonra sıra növbəti və lap yekə məmur fiquruna çatacaq. Bu, artıq təxmin yox, prosesdir. “Tərtər işi”nə yenidən baxılması prosesi qəfil sürprizlərlə müşayiət oluna bilər. Təcrübəyə istinad etsək, “Pələng illəri” ilə müqayisədə “Dovşan illəri”nin (1987, 1999, 2011) siyasi atmosferi daha hərarətli keçir, amma eksseslərsiz ötüşür.

10. Yəqin ki, “Dovşan ili” “Meyxana şiri”nə düşəcək – Rəşad Dağlı barəsində hökm oxunduqdan sonra əfvə düşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər