Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının başçısı Seyran Ohanyan KTMT təlimlərinin ölkə ərazisində keçirilməsindən imtina olunmasına münasibət bildirib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ohanyan Paşinyan hakimiyyətinin bu qərarını tənqid edib.
"Bütün bu tədbirlər ona görə keçirilir ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti artırılsın. Bundan döyüş hazırlığını yüksəltmək məqsədilə istifadə etmək olardı. Hakimiyyətin bu qərarı ona dəlalət edir ki, onlar Azərbaycanla anlaşıb və ordunun döyüş qabiliyyətinin artırılmasını istəmirlər", - deyə Ohanyan söyləyib.
"Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının alternativi yoxdur", - eks-nazir əlavə edib.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan 2023-cü ildə ölkədə KTMT-nin hərbi təlim keçirməsindən imtina edildiyini açıqlayıb.