Gürcüstanda müdafiə haqqında qanuna dəyişiklik ediləcək.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, yeni dəyişikliklə artıq din xadimləri də hərbi xidmətə çağırılacaq.
Bu gün Gürcüstan Müdafiə Nazirliyində ölkədə qeydiyyatdan keçmiş dini qurumların nümayəndələri ilə görüş keçirilib. Söhbət zamanı müdafiə nazirin müavini Qriqol Qiorqadze dindarlara dəyişikliklər barədə məlumat verib.
Nazir müavini deyib ki, artıq bəzi şəxslər dini mənsubiyyətinə istinad edərək məcəllənin əvvəlki variantında mövcud olan boşluqdan istifadə edə bilməyəcəklər.
Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən liberal "Girçi" partiyasının bu boşluqdan istifadə edərək yaratdığı təcrübə hökumət tərəfindən tənqid edilib. Partiya bir neçə il əvvəl dini təşkilat yaradaraq Gürcüstanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib. Orduda xidmət etmək istəməyən hər hansı bir gənc sadəcə olaraq partiyanın ofisinə gələrək müəyyən miqdar ödəniş edib din xadimi olması haqqında arayış alırdı və hərbi xidmətdən yayınırdı.
“Girçi”nin yaradıcısı Zurab Caparidze prinsipial mövqeyini belə izah edib ki, qərbyönlü ölkə kimi Gürcüstana müxtəlif qurumları qorumaq üçün zorla yığılmış quldur dəstəsi yox, ancaq müqaviləli ordu lazımdır.
Gürcüstanda müqaviləli ordu artıq mövcuddur. Açıq mənbələrə görə, orduda 30 minə yaxın müqaviləli əsgər və zabit var. Amma ölkədə hərbi xidmətə çağırış da davam edir. Çağırışçılar daha çox köməkçi vəzifələrdə xidmət edirlər.
Akif İsmayılov