Estoniyanın paytaxtı Tallində Estoniya, Polşa, Litva, Latviya, Britaniya, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Niderland və İspaniyanın müdafiə rəsmiləri görüş keçirib.
Modern.az xəbər verir ki, 11 Avropa ölkəsi Ukraynaya yeni hərbi yardımların verilməsi ilə bağlı razılığa gəlib.
Görüşdən sonra Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: "Qərb bir yerdə qalmalı və Ukraynaya hərbi yardımla dəstək verməyə davam etməlidir. Ukraynanın ən çox ehtiyacı olan şey ağır silahlardır. Önümüzdə hələ də ağır savaşlar var".
Görüşdən sonra dərc edilmiş birgə bəyanatda bəzi ölkələr Ukraynaya hansı silahlarla yardım göstərəcəklərini açıqlayıb.
"İngiltərə 600 "Brimston" raketi, Danimarka 19 ədəd Fransa istehsalı SEZAR tipli haubitsa, Estoniya minaatan, silah-sursat, dəstək maşınları və tank əleyhinə silahlar, Latviya "Stinger" hava hücumundan müdafiə sistemi, 2 helikopter və pilotsuz uçuş aparatı, Litva zenit sistemləri və 2 helikopter, Polşa 70 min döyüş sursatı olan S-60 zenit sistemi, Çexiya yüksək kalibrli sursat, haubitsa və zirehli transportyor göndərəcək",- bəyanatda bildirilib.
Qeyd edək ki, Niderland Ukraynaya göndərəcəyi hərbi yardım paketini sabah açıqlayacaq.