"Biz müdafiə və təhlükəsizlik sektorunda Ukraynanın mövqelərini gücləndirə biləcək müxtəlif səviyyələrdə kadr və institusional addımlar atırıq".
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"İstər kadr, istərsə də institusional addımlarla bağlı hər bir addımla əlaqədar qərarların qəbul edildiyi səviyyədə lazımi məlumat verilir. Dövlətə dəstək olan hər kəsə təşəkkür edirəm! Müdafiənin təməli olan birliyimizin qorunub saxlanmasına kömək edən hər kəsə təşəkkür edirəm! Ukraynanın qələbəsi naminə xalqımızın diqqətini zəiflədə biləcək hər hansı şayiə və ya digər gerçək olmayan məlumat yaymaqdan çəkinən hər kəsə təşəkkür edirəm", - deyə Prezident qeyd edib.
"Yalnız ölkəmizə kömək etməklə, düşmənin xalqımızın emosiyaları ilə oynamasına imkan verməməklə və döyüşçülərimizin daha çox silaha sahib olması üçün əlimizdən gələni etməklə Ukraynanın uğurunu təmin edə bilərik. Və edəcəyik!", - Zelenski əlavə edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.